«Paşa Bank»ın mənfəəti ötən il 8% azalıb

«Paşa Bank»ın mənfəəti ötən il 8% azalıb
# 07 fevral 2012 11:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Bank» ASC-nin aktivlərinin həcmi 2012-ci il yanvarın 1-nə 509,074 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəlinə nisbətən 12% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın kredit portfeli 26% artaraq 245,435 mln. manat, depozit portfeli 9,5% artaraq 371,040 mln. manat, o cümlədən müddətli depozitlər təxminən 13% artaraq 165,874 mln. manat, tələb olunanadək depozitlər isə 7,1% genişlənərək 205,167 mln. manat təşkil edib.

Bu müddət ərzində bankın məcmu kapitalı təxminən 8,1% artaraq 143,022 mln. manat, o cümlədən nizamnamə kapitalı 7% artaraq 123,475 mln. manat olub.

Qeyd edək ki, ötən il ərzində bankın ümumi gəlirləri 12% artaraq 44,777 mln. manat, o cümlədən faiz gəlirləri 11,8% artaraq 37,828 mln. manat, qeyri-faiz gəlirləri 12% artaraq 6,950 mln. manat, xərcləri isə 34% artaraq 25,448 mln. manata çatıb. Nəticədə, hesabat ilində bankın mənfəəti 8% azalaraq 19,330 mln. manat təşkil edib.

Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Bank» 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari il yanvar ayının 1-nə bankın 6 bankomatı və 56 POS-terminalı olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR