Siyavuş Novruzov: “Müsavat Partiyasının qurultayının yerə görə təxirə salınması bəhanədir”

Siyavuş Novruzov: “Müsavat Partiyasının qurultayının yerə görə təxirə salınması bəhanədir”
# 20 fevral 2012 15:53 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib. O bildirib ki, partiyanın qurultayının təxirə salınmasının əsl səbəbi rayon təşkilatlarında yaranmış qarşıdurmadır: “Qarşıdurmaya səbəb isə hər təşkilat tərəfindən ayrı-ayrı namizədin partiya rəhbəri seçilməsini tələb etməsidir. Bu partiya “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna uyğun olaraq həmişə ayrılmış yerdə aksiya keçirməyərək, başqa yer istəyir, hansı ki, bu yerin onlara verilməyəcəyini bilir. Müsavatın qurultayını da bu cür “keçirmək” istəyirlər, yəni, əslində keçirmək istəmirlər. Əgər qurultayı keçirmək istəsələr, keçirərlər, yer bəhanəsi gətirməzlər. Bununla, İsa Qəmbər əslində səlahiyyət müddətini uzatmaq istəyir. Müsavatda indi qurultay olsa, çox biabırçılıqla keçiriləcək. Bizdə artıq bu cür informasiyalar var. Əgər qurultay keçirilsə, partiyadan istefalar olacaq. Çünki hazırda partiya rəhbərliyinə namizədlər arasında qarşıdurmalar yaranıb”.

Müsavat Partiyası Məclisinin və Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Mustafa Hacıbəyli isə APA-ya açıqlamasında S. Novruzovun dedikləri ilə razılaşmayıb: “Siyavuş Novruzov hesab edirsə ki, bizim dediklərimiz bəhanədir, onda qoy bizə qurultay keçirmək üçün yer verməklə, bu bəhanəni əlimizdən alsınlar. O, hakim partiyanın aparıcı fiqurlarından biridir. Siyavuş Novruzov hakimiyyətin siyasi partiyalara qoyduğu məhdudiyyəti öz adı ilə çağırmır. Müsavat Partiyası olaraq Siyavuş Novruzovun dediyi “bəhanə”dən məhrum edilməyimizə şad olardıq”.

M. Hacıbəyli deyib ki, əslində, Müsavat Partiyasının qurultayı təxirə salınmayıb: “Sadəcə, bizə yer ayrılmadığı üçün səylərimizi davam etdirmək qərarına gəlmişik. Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsində İşçi Qrupunun yaradılması da ondan ötəridir ki, həm yerlərin axtarılması üçün səyləri davam etdirsin, həm də lazım gələrsə, dövlət orqanları ilə danışıqlar aparsın. Müsavat demokratik partiyadır və biz qurultay keçirməkdə qərarlıyıq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR