Azərbaycanda “İƏT Modeli” layihəsi yeni mərhələyə daxil olub

Azərbaycanda “İƏT Modeli” layihəsi yeni mərhələyə daxil olub
# 23 may 2012 07:16 (UTC +04:00)
DƏ-İKGF-dən APA-ya verilən məlumata görə, layihənin tədris treninq hissəsi başa çatmış və yekun “İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri toplantısı” simulyasiya oyunları mərhələsinə start verilib.
DƏ-İKGF tərəfindən irəli sürülən layihə hər il dünyanın müxtəlif ölkələrindən olan gənclərin iştirak etdiyi effektiv kommunikasiya, çoxtərəfli diplomatiya və insan haqları üzrə kurslardan ibarət “BMT Modelnin” əsasında təsis edilib. Bununla belə “İƏT modei” proqramı dünyada BMT-dən sonra ikinci böyük təşkilat olan İƏT-nin spesifikasını nəzərə almış və tələbələrə bu təşkilatın dünyada oynadığı rol ilə bağlı lazımi bilgilərin verilməsi məqsədi güdür.
Layihənin rəhbəri Elçin Əsgərovun bildirdiyinə görə, “İƏT Modeli Proqramı dünyada ilk dəfə olaraq keçən il Azərbaycanda həyata keçirilib. Bu proqramın məhz Azərbaycanda ilk dəfə olaraq reallaşması və digər ölkələrdə “İƏT modeli” üzrə məhz Azərbaycan milli layihəsinin əsas götürülmə diqqəti çəkən məqamlardan biridir. Bu ilin aprel ayının 5-dən isə ikinci dəfə start verilən layihədə Bakı ali məktəblərinin 100-ə yaxın tələbəsi 6 həftə ərzində İƏT tarixi, strukturu, prinsipləri, müxtəlif qlobal mövzular üzrə konsepsiyaları ilə tanış olublar.
İƏT ölkələrinin Bakı şəhərində akkreditə olunmuş səfirləri, səfirlik əməkdaşları, müxtəlif beynəlxalq və yerli dövlət qurumlarının aparıcı mütəxəssisləri müvafiq mövzular üzrə tələbələrə mühazirələr oxuyublar”.

Bundan başqa tələbələrin yaratdıqları, İƏT-nin aparıcı ölkələrini təmsil edən işçi qruplar model oyunlar çərçivəsində beynəlxalq münasibətlərin aktual problemlərini, əsasən İƏT arealında baş verən və beynəlxalq təsirə malik problemləri, o cümlədən Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsini, son vaxtlar ərəb ölkələrində baş verən siyasi dəyişiklikləri müzakirə edərək adıçəkilən problemlərin həll edilməsi üzrə konkret təkliflərlə çıxış ediblər. Model oyunlara hazırlıq çərçivəsində tələbələr İƏT ölkələrinin Bakıda akkreditə olunmuş səfirlik nümayəndələri tərəfindən qəbul edilib, onların həmin ölkələrin xarici siyasəti ilə bağlı maraqlandıran suallarını cavablandırıblar.
İki aylıq müzakirələrin nəticəsi olaraq model oyunlar çərçivəsində bu ilin 4-5 iyun tarixlərində Bakı şəhərində “Park İnn” hotelində proqramın son mərhələsi olan “İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri toplantısı” modelinin keçirilməsi planlaşdırılır. Hərtərəfli müzakirələrdən sonra yekun qətnamə şəklində qəbul ediləcək sənəddə münaqişələrin həll edilməsi üzrə təkliflər öz əksini tapacaq.

Qeyd edək ki, bu il həmin layihə İƏT ölkələrinin 50-dən artıq ölkəsində, yerli tələbələrin və gənc liderlərin iştirakı ilə eyni zamanda başlayıb və bütün bu proqramların koordinasiyası İKGF tərəfindən həyata keçirilir.
İki aylıq kursların sonunda keçiriləcək “İƏT XİN toplantısı” modelində qələbə əldə edən işçi qruplar xüsusi mükafatlarla təltif olunacaq, o cümlədən 2012-ci ilin iyul ayında Rusiyanın Kazan şəhərində keçiriləcək “Beynəlxalq İƏT Modeli” yarışmalarına qatılmaq hüququ əldə edəcəklər.
“Beynəlxalq İƏT Modeli” yarışmaları eyni ssenari üzrə İƏT-ə üzv 50-ə yaxın ölkədən gəlmiş gənc liderlərin iştirakı ilə keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR