Mətbuat Şurasında “Məhəmməd Əmin Rəsulzadə. Əsərləri. 1915-1916-cı illər” kitabının təqdimatı keçiriləcək

Mətbuat Şurasında “Məhəmməd Əmin Rəsulzadə. Əsərləri. 1915-1916-cı illər” kitabının təqdimatı keçiriləcək
# 29 may 2012 09:29 (UTC +04:00)
Bakı – APA. Mayın 31-də saat 12-də Azərbaycan Mətbuat Şurasında “Məhəmməd Əmin Rəsulzadə. Əsərləri. 1915-1916-cı illər” kitabının təqdimatı keçiriləcək. Şuradan APA-ya verilən məlumata görə, mərasimdə MŞ İdarə Heyəti üzvləri, ölkənin müntəzəm yayımlanan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələri təmsilçiləri, jurnalistika sahəsində tanınmış alim və tədqiqatçılar iştirak edəcəklər.

Kitab Rəsulzadə irsinin yorulmaz tədqiqatçısı, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Şirməmməd Hüseynovun uzun və səmərəli axtarışlarının nəticəsi kimi ərsəyə gətirdiyi üçüncü kitabdır. Bakının “Elm” nəşriyyatında çapdan çıxmış 600 səhifəlik kitaba mütəfəkkirin 1915-1916-cı illərdə “İqbal”, “Yeni iqbal”, “Açıq söz” qəzetlərində, “Qurtuluş” məcmuəsində işıq üzü görmüş 200-ə yaxın əsəri daxil edilib.

Qeyd edək ki, kitabın birinci cildi 1992-ci ildə nəşr olunub. Orada M. Ə. Rəsulzadənin 1903-1909-cu illərdə qələmə aldığı nümunələr toplanıb. İkinci cild 2001-ci ildə oxuculara ərməğan edilib. Kitabda M. Ə. Rəsulzadənin beş ildə (1909-1914) yazdığı əsərlər yer alıb. Üçüncü cildə gəldikdə isə oxucular onun yolunu 11 il gözləməli olublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR