İnternat tipli 9 müəssisə ümumi təhsil məktəbinə, lisey və gimnaziyaya çevrilib

İnternat tipli 9 müəssisə ümumi təhsil məktəbinə, lisey və gimnaziyaya çevrilib
# 13 mart 2012 08:33 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Son iki il ərzində 10-17 yaş arası 24 uşaq övladlığa verilib. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, internat tipli 9 müəssisə ümumi təhsil məktəbinə, lisey və gimnaziyaya çevrilib. Bakının Sabunçu, Xəzər, Suraxanı rayonlarında günərzi qayğı və reabilitasiya-inkişaf mərkəzləri yaradılıb. Daha iki reabilitasiya mərkəzi isə Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Təhsil Nazirliyinin tabeliyinə verilib.

Məlumatda bildirilir ki, reabilitasiya mərkəzlərində alternativ xidmətlərə cəlb edilmiş hər bir uşağın qiymətləndirilməsi, fərdi təlim planının tərtib olunması və reabilitasiya işlərinin keyfiyyətinin monitorinqi ilə bağlı tədbirlər həyata keçirilib. Nazirliyin tabeliyində fəaliyyət göstərən alternativ qayğı mərkəzlərinin yaradılması sayəsində 298 uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb. Ölkə üzrə ümumilikdə 465 uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb. Eyni zamanda dövlət uşaq müəssisələrində təlim-tərbiyə alan uşaqların sayı azalıb və 2008-ci ildə 14389 nəfər təşkil edən bu rəqəm 2011-ci ildə 9776 nəfərə enib. Dövlət uşaq müəssisələrində yaşayan, lakin övladlığa, qəyyumluğa və ya himayədarlığa verilməsi mümkün olmayan 10 uşağın ailə mühitində yaşamasını təmin etmək üçün ailə tipli kiçik qrup evi tikilib.

Uşaqların müdafiəsinə dair mövcud qanunvericilik bazasının ətraflı təhlili aparılıb və bir sıra müvafiq normativ-hüquqi sənədlər hazırlanaraq təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR