Azərbaycanda muzdla çalışan işçilərin əmək haqqı 8% artıb

Azərbaycanda muzdla çalışan işçilərin əmək haqqı 8% artıb
# 18 sentyabr 2012 14:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,4% artaraq 386 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə muzdla çalışan işçilərin orta aylıq əmək haqqı neft sektorunda 1 410,1 manat, qeyri-neft sektorunda 357,3 manat, dövlət bölməsində 325,3 manat, özəl bölmədə isə 484,5 manat təşkil edib: «Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq nominal əmək haqqı daha yüksək olub».

Bu dövrdə müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 214,1 manat və mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı 365,3 manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR