Polşa Dövlət Filarmonik Orkestrinin konsertində Qara Qarayevin əsərləri ifa olunub

Polşa Dövlət Filarmonik Orkestrinin konsertində Qara Qarayevin əsərləri ifa olunub
# 12 mart 2012 15:52 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Polşanın Koşalin Filarmoniyasının böyük zalında azərbaycanlı dirijor, Arturo Toskanini adına dirijorların beynəlxalq müsabiqəsinin qalibi, Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin idarəçiliyi ilə Polşa Dövlət Filarmonik Orkestrinin konserti keçirilib. Ə. Quliyevin APA-ya verdiyi məlumata görə, konsertin təşkilatçıları Polşa Mədəniyyət Nazirliyi, Koşalin şəhər meriyası və Monyuşko adına Dövlət Filarmoniyası olub.

Həmin gecə Polşada ilk dəfə olaraq Əyyub Quliyevin dirijorluğu ilə dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Don Kixot” simfonik qravürləri ifa olunub. Əsər polşalı dinləyicilər tərəfindən çox böyük maraqla qarşılanıb və konsertə gələn qonaqların xüsusi marağını nəzərə alaraq ifaçılar Qara Qarayevin digər məşhur əsərini – “Yeddi gözəl” baletindən Valsı səsləndiriblər.

Polşa Filarmonik Orkestrinin təbii ifası və məharəti nəticəsində həmin gecə Azərbaycan musiqisinə həsr olunmuş maraqlı bir təqdimat gerçəkləşib. “Yeddi gözəl” baletindən Valsın ifasından dərhal sonra polşalı dinləyicilər musiqiçiləri ayaq üstə alqışlayıblar. Konsertin digər bölməsində isə dahi rus bəstəkarı P. Çaykovskinin məşhur instrumental və səhnə əsərləri yer alıb – onun fortepiano və orkestr üçün 1 saylı konserti beynəlxalq müsabiqələr laureatı Stanislav Jevitski (Polşa) tərəfindən özünəməxsus şəkildə təqdim olunaraq dinləyicilər tərəfindən yüksək qiymətləndirilib. Konsertin sonunda isə Çaykovskinin “Yatmış gözəl” baletindən süitanın ifası gecənin uğurlu sonluğuna çevrilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR