İran parlamenti prezidentin dotasiya islahatlarını dayandırmaq barədə məsələni müzakirə edəcək

İran parlamenti prezidentin dotasiya islahatlarını dayandırmaq barədə məsələni müzakirə edəcək
# 09 oktyabr 2012 11:20 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran parlamenti prezident Mahmud Əhmədinejadın ərzaq və yanacaq dotasiyası ilə bağlı həyata keçirdiyi islahatları dayandırmaq barədə məsələni müzakirəyə çıxaracaq.

APA-nın məlumatına görə, deputatlar bu addımı İranda iqtisadi böhranın dərinləşməsi, milli valyutanın devalvasiyası və kütləvi etirazlardan sonra atır. Ancaq subsidiya islahatlarının ikinci mərhələsinin dayandırılıb-dayandırılmaması haqqında qərarın nə vaxt veriləcəyi hələlik bilinmir.

Qeyd edək ki, M.Əhmədinejad 2010-cu ilin sonunda təqdim olunan subsidiya islahatlarının birinci mərhələsini son onilliklərin ən böyük iqtisadi islahatı kimi dəyərləndirib. Ancaq prezidentin bu addımı ona qarşı ictimai narazılığı gücləndirib. Parlamentdəki səsvermə isə M.Əhmədinejada siyasi zərbə kimi qiymətləndirilir. Hazırda prezidentin istefaya getməsi üçün ona təzyiqlərin edildiyi bildirilir. Bundan əlavə, M.Əhmədinejadın parlamentdə dindirilməsi üçün 93 deputatın imzası da toplanıb. İran Konstitusiyasına görə, ölkə prezidentini parlamentə çağırmaq üçün 74 deputatın imzası lazımdır. Hələlik İranın ali dini lideri, ayətullah Əli Xamneyi ölkədə yaranmış iqtisadi-siyasi böhranla bağlı heç bir açıqlama verməyib.

Qeyd edək ki, oktyabrın 1-dən bəri İran rialının məzənnəsi ABŞ dollarına nisbətən 40 faiz aşağı düşüb. Hazırda ölkədə yalnız İranın Mərkəzi Bankının lisenziya verdiyi bir neçə valyutadəyişmə məntəqəsində mübadilə aparılmasına icazə verilir. Həmin valyutadəyişmə məntəqələrində də 1 ABŞ dolları 28 min riala dəyişdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR