Azərbaycan Səhiyyə Nazirliyi: Qarabağ müharibəsi zamanı yaranan naməlum məzarların əksəriyyətinin yeri müəyyən olunub

Azərbaycan Səhiyyə Nazirliyi: Qarabağ müharibəsi zamanı yaranan naməlum məzarların əksəriyyətinin yeri müəyyən olunub
# 20 aprel 2012 08:45 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Dağlıq Qarabağ müharibəsində itkin düşən şəxslərin daha səmərəli axtarılması üçün onların qohumlarından qan nümunələrinin götürülməsini nəzərdə tutan layihə ilə bağlı Anlaşma Memorandumunun ilkin layihəsi hazırlanıb. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Şakir Musayev bildirib. O qeyd edib ki, bununla bağlı Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Səhiyyə Nazirliyinə müraciət edib: “Bu, çox ciddi, həssas, müstəsna əhəmiyyətli məsələdir. Bu hadisələrdən 20 ildən çox vaxt keçir. Artıq həmin şəhidlərin, itkinlərin yaxınları belə dünyalarını dəyişirlər. Ona görə də, onlar sağ ikən istinad nümunəsi kimi qan nümunələri götürülməlidir ki, gələcəkdə bu prosesə başlayanda identifikasiya aparılsın, qohumluq əlaqələri müəyyən edilsin”.

Ş. Musayev hesab edir ki, Anlaşma Memorandumu imzalanmazdan qabaq bu nümunələrin götürülmə qaydası, saxlanması, təhlükəsiz idarə olunması, daşınması, bu proseduranın hüquqi baxımdan sənədləşdirilməsi məsələləri həllini tapmalıdır: “Azərbaycanın aidiyyəti dövlət qurumları tərəfindən BQXK qarşısında bu məsələlər qaldırılıb. Bu prosesdə çox cüzi diqqətsizlik böyük səhvlərə gətirib çıxara bilər. Bu məsələdə hər tərəfin qarşılıqlı öhdəlikləri olmalıdır. Müəyyən məhdudiyyətlər var, onlar müəyyənləşdirilməlidir. Hələ bu istiqamətdə məsələlər başa çatmayıb. Anlaşma Memorandumu hazırlanıb, amma hələ şərtlər müəyyən edilməyib. Tərəflər öhdəliklərini və məsuliyyətlərini qeyd etməlidirlər. Bu layihənin təhlükəsizlik prinsiplərinin şərtləri və sərhədləri müəyyənləşdirilməlidir. Bu məsələ bir neçə mərhələdən keçir. O mərhələlərin dinamikasında cüzi səhv böyük zəncirin halqalarının ortadan çıxması deməkdir”.

Ş. Musayev qeyd edib ki, Azərbaycan dövlətinin qanunvericiliyinə əsasən, insan biomateriallarına görə şəxsiyyətin identifikasiyası Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində aparılır: “Birliyin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində iş gedir. 1999-cu ildən Azərbaycanda molekulyar-genetik ekspertiza aparılır. 2005-ci ildən ölkədə Səhiyyə Nazirliyi tərəfindən Patoloji Anatomiya Birliyində molekulyar-genetik individualizasiya laboratoriyası yaradılıb. Burada gen səviyyəsində şəxsiyyətin identifikasiyası da aparılır. 2009-cu ildə də yeni müasir avadanlıq alınıb. Ayrı-ayrı dövrlərdə Birliyin ayrı-ayrı mütəxəssisləri Amerikada, Strasburqda xüsusi təlimlər keçib. Bu ayın 23-də İspaniyadan Azərbaycana xüsusi mütəxəssis gələcək və 6-10 mütəxəssis bir həftə ərzində genetik individualizasiya ilə bağlı müasir təlimlərə cəlb olunacaq. Azərbaycanda bu istiqamətdə işlər çoxdan aparılır. Əfqanıstanda qəzaya uğrayan təyyarədə hətta kömürləşmiş sümük səviyyəsində biz identifikasiya apararaq şəxsiyyəti müəyyən edə bildik. Birliyin xüsusi elmi platforması var. Sümük qalıqları əsasında şəxsiyyətin identifikasiyası və onun əsasında hazırlanmış metodikalar hazırda bir çox xarici ölkələrin ekspertizalarında istifadə olunur”.

Baş direktor bildirib ki, Qarabağ müharibəsi zamanı yaranan naməlum məzarların əksəriyyətinin yeri müəyyən olunub: “Bu yerlərin böyük əksəriyyəti döyüş əməliyyatlarının intensiv getdiyi ərazilərdədir. Amma Bakının Şəhidlər Xiyabanında da naməlum əsgərlərin qəbirləri var. BQXK-dan əlavə, dövlətin aidiyyəti qurumları da bu işə çox ciddi hazırlaşır. Demək olar ki, bir sıra qurumlar artıq bu işə hazırdır. Amma bu, çox vaxt tələb edən məsələdir. Bir-iki ilə bu prosesi başa çatdırmaq mümkün deyil. Belə ekspertizalarla bağlı BMT-nin müəyyən elədiyi qayda var. O ekspertizalar həmin proqram çərçivəsində aparılır. İlk növbədə ənənəvi identifikasiya metodlarından istifadə edilir. Onun tərkibində DNK, antropoloji ekspertiza və s. var. Qaydalara əsasən, qeyri-ənənəvi ekspertiza metodları da tətbiq edilir. Bunlar hamısı vaxt tələb edəcək. Buna baxmayaraq, Məhkəmə-Tibbi Ekspertiza Birliyində o baza var. Sadəcə, proses kütləvi formaya keçəndə gərək maddi-texniki baza daha da güclənsin”.

Ş. Musayev bildirib ki, biometrik eyniləşdirmə sisteminin yaradılması ilə əlaqədar 2007-2013-cü illəri əhatə edən Dövlət Proqramı qəbul edilib. Buna əsasən, DNT üzrə identifikasiya və verbikasiya sisteminin təşkili, yəni DNT-nin tətbiqi mərkəzi və milli informasiya bankının yaradılması məsələsi 2008-ci ildən başlayaraq Səhiyyə, Fövqəladə hallar nazirliklərinə və başqa dövlət qurumlarına tapşırılıb: “Biometrik informasiya haqqında ölkə prezidentinin sərəncamı da var. Bunun əsasında DNT üzrə analizlər və identifikasiya xidmətləri daxil olmaqla, biometrik informasiya xidmətinin təşkili və tənzimlənməsi qaydaları müəyyənləşib. Bütün bu normativ-hüquqi sənədlər Azərbaycanda itkin düşmüşlərin şəxsiyyətinin identifikasiyası üçün əvvəlcədən mövcud olan sənədlərdir. Azərbaycanda şəxsiyyətin identifikasiyası ilə bağlı aparılan nəticələr dünya ölkələri tərəfindən də qəbul edilir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR