Bakı metrosunun “20 Yanvar”-“Dərnəgül” sahəsinin fəaliyyəti bərpa olunub

Bakı metrosunun “20 Yanvar”-“Dərnəgül” sahəsinin fəaliyyəti bərpa olunub
# 10 sentyabr 2012 08:31 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA-Economics. Sentyabrın 6-da saat 22:00-da Bakı Metropoliteninin müvəqqəti bağlanmış “20 Yanvar”-“Dərnəgül” sahəsinin fəaliyyəti sentyabrın 10-u saat 06:00-da yenidən bərpa olunub.

Bakı Metropolitenindən “APA-Economics”ə verilən məlumata görə, stansiyalar adi iş rejimində fəaliyyət göstərir, “Həzi Aslanov”-“Dərnəgül” istiqamətində və əksinə olmaqla, qatarların hərəkəti təmin edilərək, sərnişinlərin gündəlik hərəkət qrafiki ilə daşınmasına başlanılıb.

Xatırladaq ki, Azərbaycanın dövlət başçısı İlham Əliyevin 18 mart 2011-ci ildə imzaladığı «Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi» və «Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı»na uyğun olaraq Bənövşəyi xəttin «Memar Əcəmi-2» stansiyası 2013-cü ildə istismara verilməlidir. Hazırda həmin xəttin «Memar Əcəmi-2» və Ceyhun Səlimov küçəsində yerləşən «B-3» stansiyaları arasındakı tunellər inşa olunur. Bənövşəyi xəttin tunellərinin «Memar Əcəmi-2» stansiyasından keçən hissəsinin uzunluğu 40 metrə bərabərdir. Bənövşəyi xəttin «Avtovağzal» stansiyasından «Memar Əcəmi-2» stansiyasına qədər uzunluğu 2 min metr olan tunellərin inşası başa çatdırılıb və ikinci tunelqazma kompleksi də Ceyhun Səlimov küçəsində yerləşən «B-3» stansiyasına istiqamət alıb. Həmin tunelin uzunluğu 1300 metrdir.

Bakı Metropoliteninin rəhbərliyi yaranmış vəziyyəti anlayışla qarşıladıqları üçün sərnişinlərə təşəkkür edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR