Britaniya kraliçası və Çin Xalq Respublikasının sədri Azərbaycan prezidentinə təbrik məktubu göndəriblər

Britaniya kraliçası və Çin Xalq Respublikasının sədri Azərbaycan prezidentinə təbrik məktubu göndəriblər
# 25 may 2012 13:40 (UTC +04:00)
APA-nın məlumatına görə, Kraliça II Elizabetin təbrik məktubunda bildirilir: “Zati-aliləri, Sizi Milli bayramınız – Respublika Günü münasibətilə təbrik etməkdən, Azərbaycan xalqına və hökumətinə səmimi təbriklərimi, əmin-amanlıq və firavan gələcək üçün ən yaxşı arzularımı çatdırmaqdan dərin məmnunluq duyuram”.

Çin Xalq Respublikasının Sədri Hu Szintao da prezident İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib. ÇXR sədrinin göndərdiyi təbrik məktubunda bildirilir: “Zati-aliləri, Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə Çin Xalq Respublikası hökuməti və xalqı adından, şəxsən öz adımdan Zati-alilərinə, Azərbaycan hökuməti və dost xalqına səmimi təbriklərimi və xoş arzularımı bildirirəm. Müstəqilliyin 20 ili ərzində Azərbaycan ümummilli lider Heydər Əliyevin və Zati-alilərinizin rəhbərliyi altında dövlət quruculuğunda böyük uğurlar əldə edib. Azərbaycanda dayanıqlı ictimai-siyasi sabitliyi, iqtisadiyyatın dinamik inkişafını, xalqınızın firavan yaşayışını və respublikanızın beynəlxalq statusunun daim yüksəlməsini müşahidə etmək bizi çox sevindirir. Əminəm ki, Zati-alilərinizin rəhbərliyi altında Azərbaycan xalqı öz ölkəsinin inkişafı yolunda daim yeni-yeni uğurlar əldə edəcək”.

Təbrik məktubunda qeyd olunur ki, Azərbaycan Çinin səmimi dostu və tərəfdaşıdır: “Çin Azərbaycan ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verir. Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 20 ili ərzində Çin-Azərbaycan münasibətlərində böyük irəliləyişə nail olunmuşdur. Hər iki tərəf yüksək səviyyədə sıx əlaqələr saxlayır, qarşılıqlı anlaşma və etimad daim möhkəmlənir, bütün sahələrdə işgüzar əməkdaşlıq addım-addım genişlənir, humanitar mübadilələr fəallaşır. Ölkələrimiz BMT və digər beynəlxalq qurumlar çərçivəsində səmərəli əməkdaşlıq edirlər. Diplomatik münasibətlərin qurulmasının 20 illik yubileyindən istifadə edərək bildirirəm ki, Çin tərəfi gələcəkdə də Azərbaycan ilə siyasi etimadı möhkəmləndirməyə, ticari-iqtisadi və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirməyə, Çin-Azərbaycan dostluq və əməkdaşlıq münasibətlərini daha da irəli aparmağa hazırdır. Ölkənizə tərəqqi, xalqınıza xoşbəxtlik diləyir, Sizə möhkəm cansağlığı və əmin-amanlıq arzulayıram”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR