İran dövlət telekanalı Azərbaycan siyasətçilərini qərəzçilikdə günahlandırıb

İran dövlət telekanalı Azərbaycan siyasətçilərini qərəzçilikdə günahlandırıb
# 07 noyabr 2012 02:10 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran Dövlət Teleradio Şirkəti (İRİB) Azərbaycan siyasətçilərinin Urmiyada tapılmış kütləvi məzarlığa münasibət bildirməsinə etiraz edərək bunu ölkənin daxili işlərinə müdaxilə adlandırıb. APA-nın məlumatına görə, bu barədə şirkətin rəsmi saytı yazıb. Yazıda bildirilib ki, Azərbaycanın bəzi dairələri məzarlıqla bağlı təhrif olunmuş məlumatlar yayırlar: “Azərbaycan parlamentinin deputatı Musa Quliyev müsahibəsində iddia edib ki, Urmiyadakı kütləvi məzarlıq erməni-müsəlman müharibəsinə aiddir və o məzarlığın məhv ediləcəyinə, yerində yaşayış binalarının tikiləcəyinə dair faktlar əldə edib. Azərbaycan Respublikasının qərəzli orqanları nə üçünsə bu məzarlığı şişirdib təhrif etməyə, milli məsələlərlə əlaqələndirməyə can atırlar”. İRİB iddia edib ki, Urmiyada tapılmış kütləvi məzarlıq I Dünya müharibəsi zamanı İranın şimal-qərbinin ingilis, rus və türklər tərəfindən işğalı nəticəsində yaranıb: “Bu hücumlar zamanı İran əhalisinin yarısı, təqribən 9 milyon nəfəri öldürülüb”.
Qeyd edək ki, Urmiya şəhərində 15 Xordad adlı məktəbin yenidən inşası zamanı kütləvi məzarlıq tapılıb. Urmiyada yaşayan soydaşlarımızdan APA-ya daxil olan məlumata görə, şəhər əhalisi həmin məzarlığın 1918-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş “Cilovluq soyqırımı”nın qurbanlarına aid olduğu fikrindədir. Lakin Qərbi Azərbaycan vilayətinin Mədəni İrs Təşkkilatının sədr müavini Xosrov Fəri açıqlamasında bildirib ki, tapılmış məzarlığın tarixi əhəmiyyəti olmadığı üçün qorunmayacaq. Məzarlığın I Dünya müharibəsinə aid edilməsinə etiraz edən urmiyalılar belə bir iddianın doğru olmadığı qənaətindədirlər. Onların fikrincə, İranın rəsmi dairələri bununla erməni terrorunun gündəmə gəlməsinin qarşısını almağa çalışırlar.
1918-ci ilin mart ayında ermənilər və assurilər Xoy, Salmas və Urmiya və Qərbi Azərbaycan vilayətinin digər şəhərlərində kütləvi qırğınlar törədərək, 130 mindən çox azərbaycanlını qətlə yetiriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR