Moskvada təhsil alan bir qrup azərbaycanlı jurnalistə diplomların təqdim olunması mərasimi keçirilib - FOTOSESSİYA

Moskvada təhsil alan bir qrup azərbaycanlı jurnalistə diplomların təqdim olunması mərasimi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 30 iyun 2012 11:17 (UTC +04:00)
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, MDLU-da keçirilən mərasimdə universitet rektoru İrina Xaleyeva, “RİA Novosti” agentliyinin baş redaktorunun məsləhətçisi, tanınmış jurnalist Alan Kasayev, Azərbaycanın Rusiyadakı səfirinin məsləhətçisi Nigar Axundova və Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Bakı Slavyan Universitetinin professoru Bella Musayeva, MDLU-nun prorektor və müəllim heyəti iştirak ediblər.

Mərasimi giriş sözü ilə açan rektor İrina Xaleyeva Azərbaycan-Rusiya əlaqələrindən danışaraq bildirib ki, iyunun 28-də Bakıda keçirilən “Rusiya-Azərbaycan dialoqu - 2012” III Rusiya-Azərbaycan Regionlararası Forumu iki ölkə arasında əməkdaşlığın yüksək səviyyədə olduğunun göstəricisidir: “Biz Azərbaycanla əməkdaşlıq etməkdən çox məmnunuq. Bizim universitetdə Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Burada Azərbaycan dili tədris olunur. Rusiyalı tələbələr Azərbaycan dilini öyrənirlər. Bundan başqa, Azərbaycanın öndə gedən informasiya agentliklərinin jurnalistləri bizim universitetdə ixtisasartırma təhsili alırlar. Bu gün artıq “Beynəlxalq Jurnalistika” ixtisası üzrə ixtisas artırma təhsili alan birinci qrup Moskva Dövlət Linqvistika Universitetinin diplomlarına layiq görülüblər. Ümid edirəm ki, Azərbaycan Prezident Administrasiyası və “RİA Novosti” agentliyinin dəstəyi ilə keçirilən bu proqram uzun illər davam edəcək”.

“RİA Novosti” İnformasiya Agentliyinin baş redaktorunun məsləhətçisi Alan Kasayev çıxışında MDLU-nun diplomuna layiq görülən azərbaycanlı jurnalistləri təbrik edib. O, bu proqramın həyata keçirilməsində verdiyi dəstəyə görə Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənova təşəkkürünü bildirib: “Biz Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun dəstəyi ilə bu proqramı artıq ikinci ildir ki, həyata keçiririk. Proqram çərçivəsində azərbaycanlı jurnalistlər MDLU-da təhsil alırlar və eyni zamanda “RİA Novosti” Beynəlxalq İnformasiya Agentliyində təcrübə keçirlər. Bu, proqram çərçivəsində ilk buraxılışımızdır. Ümid edirik ki, MDLU və “RİA Novosti”nin diplomlarına layiq görülən jurnalistlər Azərbaycanda mühüm yerlərdə təmsil olunacaqlar”.

Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova çıxışında səfir Polad Bülbüloğlunun diploma layiq görülənləri təbrik etdiyini söyləyib. Azərbaycan-Rusiya əlaqələrindən danışan N.Axundova diploma layiq görülən azərbaycanlı jurnalistlərin bu əlaqələrin möhkəmlənməsində və daha da inkişaf etməsində mühüm rol oynayacağını bildirib.

Daha sonra İrina Xaleyeva və Alan Kasaev azərbaycanlı jurnalistlərə diplomları təqdim ediblər.

Qeyd edək ki, Azərbaycan Prezident Administrasiyasının xətti ilə Dövlət Proqramı çərçivəsində 2010-2012-ci il müddətində Moskva Dövlət Linqvistika Universitetində təhsil alan azərbaycanlı jurnalistlər arasında APA İnformasiya Agentliyinin Moskva müxbiri Fərid Əkbərov, “AzərTac” Dövlət Agentliyinin müxbirləri Nadir İsmayılov, Vüqar Əliyev və Orxan Yolçuyev, müstəqil jurnalistlər Aynur və Həmid Həmidovlar olublar.

Jurnalistlər təhsil müddətində eyni zamanda “RİA Novosti” Beynəlxalq İnformasiya Agentliyində təcrübə keçiblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR