Azərbaycanda “İslam Əməkdaşlıq Modeli” - beynəlxalq təhsil layihəsinin 2012-ci il mərhələsinə start verilib

Azərbaycanda “İslam Əməkdaşlıq Modeli” - beynəlxalq təhsil layihəsinin 2012-ci il mərhələsinə start verilib
# 10 aprel 2012 08:08 (UTC +04:00)
Bakı – APA. Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzi (DƏ-İKGF, Regional Mərkəz) 2012-ci il aprel ayının 7-dən etibarən “İƏT Modeli” adlı layihənin 2012-ci il mərhələsini həyata keçirməyə başlayıb. APA-nın xəbərinə görə, layihənin tərəfdaşları Azərbaycan Gənclər və İdman Nazirliyi və Bakı Dövlət Universitetidir.

İslam Əməkdaşlıq Təşkilatı modeli (İƏT modeli) proqramını həyata keçirməkdə əsas məqsəd İƏT ölkələri məkanında gənclərin beynəlxalq əməkdaşlığının güclənməsinə dəstək vermək, ölkənin müxtəlif qurumları və beynəlxalq təşkilatlarda işləmək istəyən gənclərin idarəetmə, kommunikasiya sahəsində yeni bilik və təcrübə əldə etməsinə yardım göstərmək, beynəlxalq münasibətlər üzrə nəzəri və praktik biliklərinin artırılmasına nail olmaqdır. Bu proqram eyni zamanda gənc liderlərin beynəlxalq səviyyədə təmsilçilik işinə töhfə vermək məqsədi güdür.

Aprelin 7-dən start verilmiş layihənin ikinci mərhələsi çərçivəsində iki ay ərzində İƏT-in aparıcı ölkələrini təmsil edən gənclərin yaratdıqları işçi qruplar model oyunlar çərçivəsində beynəlxalq münasibətlərin aktual problemlərini müzakirə edəcək, əsasən İƏT arealında baş verən və beynəlxalq təsirə malik problemləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsini müzakirə edərək adıçəkilən problemlərin həll edilməsi üzrə konkret təkliflər verəcəklər. İki aylıq müzakirələrin nəticəsi olaraq model oyunlar çərçivəsində Bakı şəhərində “İƏT XİN sammiti” keçiriləcək və göstərilən problemlər üzrə qərarlar qəbul ediləcək. Yekun qətnamələr şəklində qəbul edilən sənədlərdə münaqişələrin həll edilməsi üzrə təkliflər öz əksini tapacaq.

Qeyd edək ki, bu il də “İƏT Modeli” - beynəlxalq təhsil layihəsinin bütün İƏT ölkələrini əhatə etməsi nəzərdə tutulur. İki aylıq kursların sonunda keçiriləcək “İƏT XİN sammiti”nin simulyasiya toplantısında qələbə əldə edən işçi qrupları xüsusi mükafatla təltif olunacaq və Bakı sammitində xüsusi bacarığı ilə seçilən 5 tələbə 2012-ci ilin iyul ayında Rusiya Federasiyanın Kazan şəhərində bütün İƏT ölkələrindən olan tələbələrin də iştirak edəcəyi beynəlxalq “İƏT modeli” simulyasiya oyunlarına qatılmaq hüququ əldə edəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR