Mübariz Əhmədoğlu: “Əl-Əksa məscidinə karvan təşkil edən İran haçansa Şuşa üçün də belə şou təşkil etmək fikrinə düşə bilər”

Mübariz Əhmədoğlu: “Əl-Əksa məscidinə karvan təşkil edən İran haçansa Şuşa üçün də belə şou təşkil etmək fikrinə düşə bilər”
# 28 mart 2012 10:29 (UTC +04:00)
Bakı-APA. “Böyük hazırlıqdan sonra Beytül-müqəddəs və ya Beytül-hərama karvan yola salındı. İranın təşkil etdiyi bu karvan öz başlanğıcını Hindistandan götürdü. Rəmzi mənası Mahatma Qandinin “qeyri-zorakı vasitələrlə mübarizə” fəlsəfəsindən istifadə etməkdən ibarətdir. Səhv etmiriksə, iranlılar Mahatma Qandinin azadlıq uğrunda qətiyyətini İmam Hüseynlə müqayisə edirlər. Hər-halda irandakıların dini hamıdan çoxdur, özləri bilərlər, Mahatma Qandiyə, yoxsa İmam Hüseynə üstünlük versinlər. İran üçün lazım olan məqsədə çatmaqdır; istifadə etdiyi metodun dini prinsiplərə uyğunluğu o qədər vacib deyildir”. APA-nın məlumatına görə, bu fikirlər politoloq Mübariz Əhmədoğluya məxsusdur.

O bildirib ki, 1967-ci ildə ərəb torpaqlarının İsrail tərəfindən işğalı prosesində İranın da əli var: “İran Əl-Əksa məscidinin yəhudilər tərəfindən işğal olunması prosesində iştirak da edib. O zamankı məqsəd-vasitə tandeminin indiki Əl-Əksa məscidinin işğalının il dönümünü qeyd etmək üçün təşkil olunan karvanın funksiyalaşması üçün zəruri olan məqsəd-vasitə birliyindən fərqli və ya uyğun olması o qədər də əhəmiyyətli məsələ deyil. Diqqətçəkən məqam burasındadır ki, rəsmi Tehran karvan əhlinin İran ərazisində “küçəyə çıxmasına” icazə vermədi. Onlar açıq havaya ilk dəfə Türkiyə ərazisində çıxdılar. Türkiyə ərazisində bu proseslərə “Məzlumder” təşkilatı rəhbərlik etdi. Diqqətçəkən məqam təkcə Əl-Əksa məscidinin işğalında rol oynayan İranın indi özünü necə təmizə çıxarmağa çalışmasında deyil; diqqətçəkən məqam indiki İran rəhbərliyinin bu məsələyə müraciət etməsidir. Belə ki, İranı müharibəyə cəlb etmək üçün İsrail açıq mesajlar verir. “Hizbullah”ın qonşuluğunda Qəzza sektorunu bombalamağın başqa adı yoxdur. İran hərbiləşmiş qurumlarını və ya hərbi strukturlarını işə salıb cavab vermək əvəzinə dinc əhalini əli silahlının qarşısına göndərir. “Mərmərə” gəmisində olduğu kimi 9 və ya bir neçə nəfərin ölümü yalnız İranın mətbu orqanlarının səhifələrdə yer alacaqdır.

İbadət edib-etməməsindən asılı olmayaraq, heç bir müsəlman Əl-Əqsa məscidinin işğalda qalmasına göz yuma bilməz. Bu təbiidir, amma qonşuluğunda başqa müsəlman torpağının işğal altında qalmasına İranın münasibəti onun müsəlmançılığın müdafiəsi ilə bağlı bütün forma və məzmunlu müdafiə niyyətlərini ciddi şübhə altına alır. Azərbaycanın işğal olunmuş əraziləri ilə işğal olunmamış əraziləri arasında İran vasitəsilə əlaqə yaradıla bilinər.

Erməni işğalı altında qalan Azərbaycan torpaqlarında xeyli müsəlman qəbri darmadağın edilib. Erməni tapdağı altında olan xeyli müqəddəs qəbirlər, ziyarətgahlar İran müsəlmanları üçün də müqəddəs hesab olunur. Əl-Əksa rəsmən İsrailin tabeçiliyində olsa da, oradakı müsəlmanlar üçün müqəddəs hesab olunan yerlərin məqsədyönlü şəkildə təhqir olunması barədə məlumat yoxdur, çünki orada yaşayan əhalinin əksəriyyəti yerli əhalidir. Amma bu gün İranla həmsərhəd olan ərazidə bir nəfər də olsun müsəlman yoxdur.

Hindistandan Əl-Əksayadək karvan təxminən 10 gün, 4000-4500 km məsafə qət etməlidir. İran torpaqları ilə Azərbaycanın işğal olunmuş torpaqları arasında məsafə isə cəmi 12,5 metrdir. Araz çayının bu ərazilər boyunca çay yatağının ən enli hissəsi 25 metrdir, Bu 25 metrin isə yarısı sənədlə Azərbaycan Respublikasına, yarısı isə İrana məxsusdur. İranın payında olan 12,5 metr hər şeyi həll edə bilər. 12,5 metr ərazini qət edərək torpağına yetişməyi başqa müsəlmana imkan verməyən İran 4500 km məsafəyə 500-600 müsəlmanın daşınmasını təşkil edir.

1967 ci ildə əl-Əksanın işğalında İsrailin yanında olan İran 25 il sonra, 1992-ci ildə Şuşanın işğalı zamanı ermənilərin yanında oldu. Bu hesabla Şuşanın işğaldan azad olunması üçün İranın belə karvan təşkili etməsinədək 20 il gözləməliyik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR