Azərbaycanın XİN rəhbəri və MM deputatları Avropa Parlamentində keçirilmiş konfransda iştirak ediblər

Azərbaycanın XİN rəhbəri və MM deputatları Avropa Parlamentində keçirilmiş konfransda iştirak ediblər
# 09 fevral 2012 22:45 (UTC +04:00)
Bakı-APA. Fevralın 9-da Avropa Parlamentində (AP) Avropa Xalq Partiyası (AXP) tərəfindən “Aİ-Azərbaycan: tərəfdaşlıq üçün yeni üfüqlər” adlı konfrans keçirilib.

APA-nın AzərTac agentliyinə istinadən verdiyi xəbərə görə, konfransda Azərbaycan tərəfindən xarici işlər naziri Elmar Məmmədyarov, Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatları S.Seyidov, A.Hacıyev və Ə.Hüseynov, qarşı tərəfdən isə AXP prezidenti V.Martens, AP-nin keçmiş prezidenti Y.Buzek, AP-nin Xarici işlər üzrə komitəsinin sədri E.Brok, Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı münaqişə üzrə xüsusi nümayəndəsi F.Lefor əsas natiq qismində çıxış ediblər.

E.Məmmədyarov çıxışında Azərbaycanın Cənubi Qafqaz bölgəsində, eləcə də beynəlxalq miqyasda oynadığı əhəmiyyətli rolundan, ölkənin iqtisadi inkişafı və həyata keçirilən islahatlardan, xarici siyasətin prioritetlərindən biri olan Avropa İttifaqı ilə əlaqələrindən, Aİ ilə strateji tərəfdaşlıq münasibətlərinin inkişafının əhəmiyyətindən danışıb.

Xarici işlər naziri insanlar arasında əlaqələrin qurulmasının vacibliyini qeyd edərək, bununla əlaqədar Aİ ilə viza sadələşdirilməsi və readmissiya haqqında sazişlər üzrə danışıqlarının ən qısa zamanda başlanılmasının əhəmiyyətini bildirib. Məmmədyarov çıxışında əsas diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə yönəldərək Aİ-ni və onun əhəmiyyətli institutu olan Avropa Parlamentini münaqişənin həllində beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqe tutmağa çağırıb, bu işdə ikili standartların yolverilməz olduğunu vurğulayıb.

Azərbaycanlı nazir münaqişə ilə bağlı qəbul etdiyi 2010-cu il qətnaməsində müdaxiləçi qüvvələrin Azərbaycanın işğal olunmuş bütün torpaqlarından çıxarılması və öz doğma evlərindən didərgin düşmüş minlərlə insanın geri qayıtma haqlarının tanınması ilə bağlı ədalətli mövqeyini ucadan və çəkinmədən dünya ictimaiyyətinin diqqətinə çatdırdığı üçün AP-yə təşəkkür edib və həmin qətnamənin bu qəbildən olan sonuncu AP sənədi olmayacağına inandığını bildirib.

Tədbirdə həmçinin, Avropa Xalq Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında qurulan səmərəli əməkdaşlıq münasibətlərindən bəhs olunub.
Elmar Məmmədyarov konfransda iştirakla yanaşı, AXP prezidenti V.Martens ilə işçi səhər yeməyi keçirib, AP-nin Xarici işlər üzrə komitəsinin sədri E. Brok və AP-nin vitse prezidenti Yasek Protasyeviç ilə ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı qarşı tərəfləri maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR