Əli Həsənov: “TANAP Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşan transmili qaz ixracı layihəsidir”

Əli Həsənov: “TANAP Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşan transmili qaz ixracı layihəsidir”
# 27 iyun 2012 13:03 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycanla Türkiyə arasında imzalanan “Trans Anadolu Qaz Boru Kəməri” (TANAP) layihəsi Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşan transmilli qaz ixracı layihəsidir”. Bunu APA-ya açıqlamasında Prezident Adminstrasiyasının (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. O bildirib ki, uzun müddətdir Xəzər hövzəsinin qaz ehtiyatlarının Avropa bazarlarına çıxarılması mövzusu dünyanın əsas aktual problemlərindən birinə çevrilib: “Bu məsələ ətrafında neçə illərdir danışıqlar gedir. Avropa Birliyinin təşəbbüsü ilə “Nabucco” adlı qaz layihəsinin reallaşdırılması gündəmdədir. Amma təəssüflər olsun ki, neçə illərdir bu layihələr haqqında danışılsa da, ortada real bir iş yoxdur. “Nabucco”nun taleyi də bu gün artıq müəyyən dairələrdə nikbin əhval-ruhiyyə doğurmur. Azərbaycan Xəzər hövzəsindən dünya bazarlarına alternativ neftin ixracının əsas təşəbbüskarıdır. Ölkəmizin təşəbbüsü ilə Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri reallaşıb və hazırda Xəzər hövzəsinin ildə 40 milyon tondan artıq neftinin dünya bazarlarına nəqli həyata keçirilir. Bu layihənin də təşəbbüskarı kimi Azərbaycan çıxış elədi. Azərbaycanın “Şahdəniz” yatağının ikinci fazasından və ümumiyyətlə, Xəzər hövzəsində reallaşdırdığı layihələrdən əldə edilən əlavə qazın Avropa bazarlarına çıxarılması üçün bu, indiyədək seçilmiş layihələrin ən mükəmməli və etbarlısıdır”.

Ə. Həsənov bəyan edib ki, Türkiyə dövləti TANAP layihəsində Azərbaycanın əsas tərəfdaşı və partnyorudur: “Bu layihədə Azərbaycanı dəstəkləyən əsas ölkə Türkiyədir. İki ölkənin dünən imzaladığı sazişlə Türkiyənin Gürcüstandan başlayan sərhədindən Avropada bitən sərhədinə qədər olan məsafədə Xəzər hövzəsindən çıxan Azərbaycan qazının Avropa bazarlarına birbaşa nəqli nəzərdə tutulur. Bu nəqlin bütün şərtləri, layihənin reallaşdırılması və layihə ətrafında yaranan konsorsiumun tərkibi Azərbaycanla razılaşdırılıb. Bütün bu proseslərdə Azərbaycan öz lider mövqeyini saxlayır”.

Şöbə müdiri bildirib ki, TANAP layihəsi Türkiyə ilə Azərbaycan arasındakı sosial, iqtisadi və digər sahələrdə indiyədək mövcud olan qardaşlıq münasibətlərinə əlavə dəstəkdir: “Azərbaycan 1994-cü ildən ümummilli lider Heydər Əliyev başda olmaqla, ölkənin enerji resurlarının Avropa bazarlarına çıxarılması üçün ən etibarlı marşrut kimi Bakı-Tbilis-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz marşrutunu seçib. Sonrakı proseslər göstərdi ki, Azərbaycanın ümummilli lideri bu məsələdə yanılmayıb, ən doğru və optimal variantı seçib. Hesab edirəm ki, TANAP layihəsi də Azərbaycanla Türkiyənin, eləcə də Azərbaycan-Gürcüstan-Türkiyənin üçünün birlikdə bölgədə enerji təhlükəsizliyi, Avropanın enerji təhlükəsizliyinə dəstək sahəsində həyata keçirdikləri mühüm strateji layihədir. Bu strateji layihə üç ölkənin münasibətlərinin strateji əhəmiyyətini bir daha təsdiqləyir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR