Əmlak Məsələləri Dövlət Komitəsi şəffaflığın artırılması tədbirlərini davam etdirir

Əmlak Məsələləri Dövlət Komitəsi şəffaflığın artırılması tədbirlərini davam etdirir
# 13 fevral 2012 12:19 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanda Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyaya uyğun olaraq 2011-ci ildə Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, daşınmaz əmlakın qeydiyyatı və kadastrının aparılması, vətəndaşların hüquqlarının təmin olunması və şəffaflığın artırılması sahəsində ciddi tədbirlər görülüb.

ƏMDK-dan «APA-Economics»ə verilən məlumata görə, bu işlər komitə sədrinin müvafiq əmri ilə təsdiqlənən Tədbirlər Planı çərçivəsində həyata keçirilib.

Plana uyğun olaraq korrupsiya ilə bağlı pozuntulara dair müraciətlərə, ərizə və şikayətlərə baxılması təkmilləşdirilib. Komitəyə daxil olan müraciətlər üzrə yaradılmış komissiya tərəfindən vaxtında araşdırılır və müraciət müəlliflərinə yazılı məlumatlar verilir. 2011-ci ildə daxil olan 400-dən çox belə ərizə və şikayət araşdırılaraq tədbirlər görülüb. Müraciətlərin qəbulu və araşdırılması üçün komitədə mərkəzləşdirilmiş informasiya sistemi (ASDİS) və elektron poçt ünvanları fəaliyyət göstərir. Elektron müraciətlər komitənin və qurumların rəsmi internet səhifələri vasitəsilə də qəbul edilir. Eləcə də komitənin rəhbər şəxsləri tərəfindən əvvəlcədən rəsmi internet səhifəsi və “Mülkiyyət” qəzetində elan edilən cədvəl üzrə vətəndaşların qəbulu keçirilir.

Vətəndaşların müraciətlərinin operativ cavablandırılması üçün komitədə 193, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 148 və Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 566-07-44 nömrəli telefon məlumat xidmətləri fəaliyyət göstərir.

Tədbirlər Planı çərçivəsində komitədən məlumat əldə edilməsi sadələşdirilib. Komitənin və onun qurumlarının rəsmi internet səhifələri vasitəsilə dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, daşınmaz əmlakın qeydiyyatı, habelə digər məlumatlar ictimaiyyətə açıqlanır. O cümlədən hərrac elanları, hərraclarda satılan müəssisə və obyektlər, nəqliyyat vasitələri, müsadirə olunmuş əmlaklar haqqında məlumatlar internet saytında yerləşdirilir.

“İctimai məlumatlandırmanın gücləndirilməsi üçün komitənin mətbu orqanları - “Mülkiyyət” qəzeti və “Daşınmaz əmlak” jurnalı nəşr olunur. Bu dövrdə Dünya Bankının “Daşınmaz əmlakın qeydiyyatı Layihəsi” çərçivəsində ictimai agahlıq kompaniyası da həyata keçirilib” - deyə məlumatda bildirilir.

Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən hərraclar və onun nəticələri barədə bir ay əvvəl mətbuatda, o cümlədən komitənin rəsmi internet saytı və “Mülkiyyət” qəzetində elanlar dərc olunur. Eləcə də, özəlləşdirilmədə strateji investorların iştirakının artması və şəffaflığın təmin edilməsi məqsədilə özəlləşdirmənin iqtisadi nəticələri barədə məlumatlar mütəmadi olaraq açıqlanır. Bu işin səmərəli aparılması üçün “Ernst & Young”, “Finre Consulting”, “Metrika”, “ASPİ” və “BLCC” beynəlxalq məsləhətçi şirkətlərlə işlər davam etdirilib.

Milli Strategiyaya uyğun olaraq daşınmaz əmlaka dair hüquqların qeydiyyatı, daşınmaz əmlakın texniki pasportunun, dövlət reyestrindən çıxarışın, məhdudlaşdırmaya dair dövlət reyestrindən arayışın alınması üçün tələb olunan sənədlərin siyahısı daha da sadələşdirilib, vətəndaşlardan əlavə sənədlərin istənilməsi halları aradan qaldırılıb. Süni maneələrin aradan qaldırılması, daşınmaz əmlakın dövlət reyestrindən məlumatların və sənədlərin internet şəbəkəsi vasitəsi ilə əldə olunması, eləcə də əmlakın qeydiyyatında şəffaflığın artırılması və korrupsiyaya qarşı maarifləndirmə tədbirləri davam edib.

Bu sahədə xidmətlərin keyfiyyətinin və operativliyin artırılması məqsədilə ərazi idarələrinin informasiya kommunikasiya texnologiyaları ilə təchizatı yaxşılaşdırılıb, yeni ərazi binaları istifadəyə verilib, işçilər üçün treninqlər keçirilib. Həmçinin xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə elektron arxivlər yaradılır, avtomatlaşdırılmış sənəd dövriyyəsi sistemi tətbiq edilir. Eləcə də komitənin fəaliyyət sahələri üzrə rüsum, xidmət haqqı və icarə haqlarının yığılmasının təkmilləşdirilməsi, bu sahədə nağd ödənişlərin azaldılması diqqət mərkəzindədir.

Beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə 2011-ci ildə “Müasir əmlak idarəçiliyində daşınmaz əmlakın vahid kadastrının və milli məkan məlumatlarının infrastrukturunun rolu” mövzusunda beynəlxalq elmi-praktik konfrans təşkil edilib.

Bundan başqa, daşınmaz əmlakın təsviri, qeydiyyata alınmış hüquqların və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışların, habelə reyestrdə şəxslərin adına əmlakın olub-olmamağı barədə arayışların verilməsi və bu arayışların alınması üçün ərizələrin elektron formada qəbulunun həyata keçirilməsi üçün tədbirlər görülür. Fəaliyyət Planı çərçivəsində dövlət qulluqçuları və digər vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması, eləcə də vəzifəli şəxslərin etik davranış qaydalarının təkmilləşdirilməsi mövzusunda seminarlar keçirilib. 2011-ci ildə komitədə vakant vəzifələrin tutulması üçün Azərbaycan prezidenti yanında Dövlət Qulluğu Məsələləri Komissiyası ilə birlikdə 2 müsahibə təşkil edilərək işçilər qəbul edilib.

Milli Strategiya çərçivəsində görülmüş işləri əhatə edən illik hesabat hazırlanaraq ictimaiyyətə açıqlanıb, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasına və Nazirlər Kabinetinə təqdim olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR