Naməlum türk əsgərinin şərəfinə ucaldılan abidənin açılışı olub

Naməlum türk əsgərinin şərəfinə ucaldılan abidənin açılışı olub
# 28 may 2012 12:50 (UTC +04:00)
Qobustan. Elvin Yaqubov – APA. 1918-ci ilin yayında Nuru Paşanın komandanlığı ilə türk ordusunun Azərbaycanda erməni-rus işğalçılarına qarşı apardığı döyüşlərdə şəhid olan və Bakı-Şamaxı yolunun kənarında, Qobustan rayonunun Acıdərə adlanan ərazisində dəfn edilən naməlum türk əsgərinin şərəfinə ucaldılan abidənin açılışı olub. APA-nın məlumatına görə Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə abidə kompleksi müasir üslubda yenidən qurulub, şəhidliyin ərazisi genişləndirilib, abadlıq işləri görülüb, Azərbaycan və Türkiyə bayraqlarının postamenti təzələnib, əraziyə ağac və gül kolları əkilib.

Mayın 28-də keçirilən açılış mərasimində Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, ictimaiyyət nümayəndələri iştirak ediblər. H. Kılıç "Tənha məzar" abidəsinin qırmızı lentini kəsib. Səfir bu ərazinin müqəddəs bir yer olduğunu deyib. O, xatirə kompleksinin Azərbaycan türklərini qətlə yetirən ermənilərin qarşısını almaq üçün yardıma gələn Qafqaz Türk İslam Ordusunun bu bölgədə şəhid olan qəhrəman əsgərinin xatirəsinə hörmət olaraq qoyulduğunu söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR