Qarabağ Forumu keçirilib

Qarabağ Forumu keçirilib
# 23 fevral 2012 14:04 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının təşəbbüsü ilə Qarabağ Forumu keçirilib. APA-nın məlumatına görə, tədbirin aparıcısı Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının İdarə Heyətinin üzvü Mirmahmud Mirəlioğlu ölkədəki mövcud ictimai-siyasi vəziyyət və Qarabağ münaqişəsinin həlli imkanlarından danışıb.

Münaqişənin tarixi haqqında Azadlıq Partiyasının sədri, Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının İdarə Heyətinin üzvü Əhməd Oruc məruzə ilə çıxış edib. O, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə Xankəndində aksiyaların başlanmasından 25 il keçdiyini deyib: “Münaqişə zamanı Azərbaycan ərazi bütövlüyünü itirib, 30 min şəhid verib, 50 minə qədər yaralı, 1 milyona yaxın qaçqın var, onlarla şəhər, minlərlə kənd yox edilib, 200 mindən çox ev, minlərlə məktəb, xəstəxana, mədəniyyət evləri dağıdılıb, ölkəyə 100 milyardlarla manat ziyan dəyib. Dəyən mənəvi ziyan isə ölçüyəgəlməzdir və heç vaxt heç nə ilə ödənilə bilməz”.

Ə. Oruc atəşkəs sazişinin bağlanmasından 18 il keçdiyini, ATƏT-in vasitəçiliyi altında danışıqların başlanmasından isə 20 il vaxt ötdüyünü diqqətə çatdırıb: “Problemlə bağlı beynəlxalq təşkilatlar, aparıcı dünya dövlətləri beynəlxalq hüquqa zidd, açıq ermənipərəst bir mövqe nümayiş etdirirlər. Minsk Qrupu üzrə vasitəçi dövlətlərin bugünkü yanaşması tamamilə ermənilərin mövqeyini müdafiə edir”.

Forumda çıxış edən Liberal Partiyanın sədri Əvəz Temirxan, Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Açıq Cəmiyyət Partiyasının sədri Vaqif Mahmudov, professor Rafiq Əliyev və digərləri münaqişənin ədalətli həlli ilə bağlı bir sıra təkliflərlə çıxış ediblər. Azərbaycanın hərbi əməliyyatlara başlaması məsələsində iştirakçılar arasında fikir ayrılığı yaranıb. Çıxış edənlərin bəziləri Qarabağ münaqişəsinin həlli ilə bağlı hökumətə təzyiqi vacib saysalar da, ADP sədri Sərdar Cəlaloğlu bu taktikanı düzgün hesab etməyib.

Forumun yekunları əsasında bəyanat qəbul olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR