Rəşad Sadıqov: “Vaqif Cavadov səhvini boynuna alıb, üzrxahlıq edir”

Rəşad Sadıqov: “Vaqif Cavadov səhvini boynuna alıb, üzrxahlıq edir”
# 21 fevral 2012 09:33 (UTC +04:00)
Bakı – APA. “Şəxsən mən Vaqifin əvvəllər bu qədər çalışdığını görməmişdim”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun futbolçusu Rəşad Sadıqov deyib.

Təcrübəli müdafiəçi uzun müddətdir birgə oynadığı Vaqif Cavadovla yenidən komanda yoldaşı olub. Bu, 23 yaşlı hücumçunun qış fasiləsində Rusiyanın “Volqa” klubundan ayrılıb “Qarabağ”a qayıtmasından sonra reallaşdı.

Hazırda Vaqifin məşqlərdə daha çox çalışdığını bildirən Sadıqovun sözlərinə görə, Cavadov baş vermiş hadisədən çox peşmançılıq çəkir: “Vaqif başına gələnləri unudub, karyerasında yeni səhifə açmaq istəyir. Başını aşağı salıb, səhər-axşam öz üzərində daha çox işləməyə başlayıb. İnşallah, belə tempdə davam etsə, gələcəkdə həm klub, həm də yığma üçün faydalı olacağını fikirləşirəm”.

Sadıqov vurğulayıb ki, Vaqif AFFA-ya göndərdiyi müraciətində səhvlərini boynuna alıb: “O, yığmamızın baş məşqçisinə göndərdiyi məktubda peşman olduğunu yazıb. Biz də ona sevinirik ki, Vaqif baş məşqçi ilə prinsipə getmir, səhvini boynuna alır, üzrxahlıq edir”.

Ötən ilin oktyabrında Avstriya ilə Bakıda oyundan sonra millinin düşərgəsini tərk edən Vaqif AFFA-nın İntizam Komitəsinin 5 oyunluq cəzasına məruz qalıb. Nəticədə hələlik yaşıl meydandan kənarda qalan hücumçu Foqtsun onu bağışlayıb, milliyə qaytarmağını gözləyir. Ancaq almaniyalı mütəxəssis Cavadovu milliyə yaxın buraxmaq istəmir: “Foqts onu asanlıqla bağışlamayacaq. Tövsiyə edirəm ki, futbolçu öz işi ilə məşğul olsun. Meydanda özünü yaxşı tərəfdən göstərsin ki, gələcəkdə Foqtsla ünsiyyət qura bilsin, onunla görüşməyə çalışsın”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR