Bəzi müxalifət partiyaları Herman van Rompeyin onlarla görüşməməsinə münasibət bildirib

Bəzi müxalifət partiyaları Herman van Rompeyin onlarla görüşməməsinə münasibət bildirib
# 06 iyul 2012 16:34 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Azərbaycanın müxalifət partiyaları Avropa Birliyi Şurasının prezidenti Herman van Rompeyin Bakıya səfəri zamanı onlarla görüş keçirməməsinə münasibət bildiriblər.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı APA-ya bildirib ki, bunun səbəbləri daha çox səfərin təşkilatçılarına bəllidir. Onun sözlərinə görə, hər bir halda Avropa Birliyi rəsmisinin Azərbaycan müxalifəti ilə görüşünə ehtiyac var idi: “Avropa Birliyi son dövrlər Azərbaycanda gedən proseslərə həssaslıq nümayiş etdirir. Bu baxımdan arzu olunan idi ki, Rompey müxalifətlə də təmasda olsun”.

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu da APA-ya H. Rompeylə görüşmək istəyində olduqlarını açıqlayıb. Bununla belə, T. Yaqublu hesab edir ki, görüşmək o qədər də zəruri deyil, əsas səfərin ölkədəki demokratik mühitin formalaşmasına müsbət təsir göstərməsidir: “Məsələn, xanım Hilları Klinton Azərbaycana səfər etdiyi zaman müxalifətlə görüş keçirmədi. Lakin bu səfərdən sonra həbsdə olan müxalifətçilərin bir qrupu azadlığa buraxıldı. Yəni burada əsas problemin həllidir. Digər tərəfdən, Müsavat başqanı İsa Qəmbər Herman van Rompeyin Dillər Universitetində keçirilən ümumi tədbirə dəvət edilmişdi. Ancaq başqa tədbirə getməsi ilə əlaqədar bu görüşə qatılmadı”.

Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan isə məsələyə başqa kontekstdən yanaşıb. Onun sözlərinə görə, həm ABŞ dövlət katibi Hillari Klintonun, həm də Herman van Rompeyin Azərbaycana səfəri zamanı müxalifətlə bilavasitə görüşməməsi, saymamazlıq kimi dəyərləndirilməməlidir: “Avropa Birliyi Azərbaycanın demokratikləşməsi prosesinə diqqətlə yanaşır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR