Dövlət qulluqçuları və özəl sektorda çalışan mütəxəssislər üçün Peşəkar Korporativ Proqrama start verilib

Dövlət qulluqçuları və özəl sektorda çalışan mütəxəssislər üçün Peşəkar Korporativ Proqrama start verilib
# 05 may 2012 13:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Diplomatik Akademiyası (ADA) tərəfindən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) dəstəyi ilə dövlət qulluqçuları və özəl sektorda çalışan mütəxəssis və menecerlər üçün nəzərdə tutulmuş Peşəkar Korporativ Proqrama start verilib.

İqtisadi İnkişaf Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bununla bağlı keçirilmiş tədbirdə çıxış edən “Azpromo”nun rəhbəri Adil Məmmədov qurumun fəaliyyəti və fondun yerli şirkətlərə göstərdiyi dəstək barədə məlumat verib.

Qeyd edilib ki, ölkənin ixrac qabiliyyətinin artırılması və xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi məqsədilə yaradılmış “Azpromo” yerli sahibkarların məlumatlandırılması istiqamətində də müxtəlif tədbirlər həyata keçirir. Peşəkar Korporativ Proqramın dövlət və özəl sektorda çalışan mütəxəssislərin korporativ idarəçilik sahəsində biliklərinin artırılması, bu sahədə onları xarici təcrübə ilə tanış etmək məqsədi daşıdığını qeyd edən Adil Məmmədov təlim kursunun əhəmiyyətli olacağına əminliyini vurğulayıb.

ADA-nın prorektoru Fariz İsmayılzadə çıxışında Azərbaycan və ingilis dillərində keçiriləcək təlimlərin ADA-nın və xarici universitetlərin professorları, Azərbaycanın özəl və dövlət sektorunda çalışan peşəkarlar, o cümlədən, Avropa, ABŞ və regionun aparıcı ekspertləri tərəfindən tədris olunacağını bildirib. Təlim kursları insan resursları, marketinq, maliyyə, biznes etikası və kommunikasiya bacarıqları kimi mövzuları əhatə edir. Kursları uğurla başa vuran iştirakçılara ADA-nın sertifikatları veriləcək.

Sonra ADA-nın İxtisasartırma Proqramları üzrə direktoru Aygün Hacıyeva “Peşəkar Korporativ Proqram”, ADA Fondunun prezidenti Natiq Hacıyev isə “ADA ilə özəl sektor arasındakı əməkdaşlıq” mövzularında təqdimatlarla çıxış edib, iştirakçıları maraqlandıran suallar cavablandırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR