Azərbaycanda yeni neft-kimya kompleksinin inşası layihəsində lisenziyalaşdırma üzrə məsləhətçi qismində «Fluor» şirkəti çıxış edəcək

Azərbaycanda yeni neft-kimya kompleksinin inşası layihəsində lisenziyalaşdırma üzrə məsləhətçi qismində «Fluor» şirkəti çıxış edəcək
# 31 may 2012 13:57 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov bildirib.

T.Qəhrəmanovun sözlərinə görə, kompleksdə həyata keçiriləcək 40 istehsal prosesindən 27-si üçün lisenziyalar tələb olunur. Yaxın bir həftə ərzində şirkətlə müqavilə bağlanılacaq, sonradan 6-8 ay ərzində şirkət müvafiq işləri həyata keçirəcək. Ümumilikdə, bundan əlavə layihə çərçivəsində 3 tender keçiriləcək ki, bundan ikisi artıq elan edilib. Belə ki, baş maliyyə məsləhətçisi və baş hüquq məsləhətçisi seçiləndən sonra baş ekoloji məsləhətçisinin seçilməsi planlaşdırılır.

T.Qəhrəmanov bildirib ki, ARDNŞ tərəfindən layihənin optimallaşdırılması aparılıb ki, nəticədə layihənin dəyəri 12-13 mlrd. ABŞ dollarından təxminən 14,2 mlrd. dollara qədər bahalaşıb. Bundan başqa, bank kreditləri üzrə faiz ödənişləri daxil olmaqla layihənin dəyəri 17 mlrd. dollar təşkil edir. Tələb olunan investisiyaların 30-40%-nin Azərbaycan tərəfindən, qalan 60-70%-nin isə kənardan cəlb olunacaq vəsaitlər hesabına ödənilməsi planlaşdırılır.

T.Qəhrəmanov qeyd edib ki, ötən həftə ARDNŞ və Dövlət Neft Fondu Londonda «BNP Paribas», «Societe Generale», «UniCredit», «Credit Agricole», «ING», «RBS» və «TDJ» kimi iri Avropa bankları ilə görüşüb. Onun sözlərinə görə, bu təşkilatlar tərəfindən layihəyə çox böyük maraq göstərilir.

Qeyd edək ki, 2013-cü ilin əvvəlində inşasına başlanması planlaşdırılan kompleks çərçivəsində ilk olaraq qaz emalı zavodunun tikintisi nəzərdə tutulur. Bu müəssisə artıq 2017-ci ilin ortalarında istismara verilə bilər. Zavodun istehsal gücü ildə 10 mlrd. kubmetr təşkil edəcək.

Həmçinin, layihə çərçivəsində illik gücü 10 mln. ton olan neft emalı zavodu, həmçinin 30-dək neft-kimya məhsulu istehsal edən neft-kimya zavodunun inşası planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR