Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi haqqında sərəncam imzalayıb
# 17 aprel 2012 15:55 (UTC +04:00)
APA-nın məlumatına görə, sərəncamın preambula hissəsində bildirilir ki, 2012-ci ildə Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin yaradılmasının 20 ili tamam olur.

Azərbaycan Respublikası dövlət müstəqilliyinin bərpasına nail olduqdan sonra öz idman potensialını tam nümayiş etdirmək imkanı qazanıb. Son üç olimpiadada idmançılarımızın 15 medala layiq görülməsi ölkəmizin idman şöhrətini əhəmiyyətli dərəcədə artırıb. Ötən dövr ərzində Milli Olimpiya Komitəsi işini yalnız Olimpiya Oyunlarında iştirakla məhdudlaşdırmayıb, respublikada Olimpiya ideallarının bərqərar olması və idmanın hərtərəfli, ahəngdar inkişafı naminə səmərəli fəaliyyət göstərib. Milli Olimpiya Komitəsi idmanın maddi-texniki bazasının genişləndirilməsi və müasirləşdirilməsi istiqamətində böyük uğurlar əldə etmişdir. 2000-ci ildən bəri ölkədə 34 olimpiya idman kompleksi və bir sıra ixtisaslaşmış idman qurğuları tikilib istifadəyə verilib, mövcud idman obyektləri yenidən qurulub. İdmançılarımızın Olimpiya Oyunlarındakı nailiyyətləri, mötəbər idman yarışlarının keçirilməsində toplanmış təcrübə və beynəlxalq əlaqələrin yüksək səviyyədə qurulması Milli Olimpiya Komitəsini qitə olimpiya qurumlarının ön sıralarına çıxarmaqla nüfuzlu təşkilata çevirib, Azərbaycanı dünyanın idman mərkəzlərindən biri olaraq tanıdıb. Respublikamızın paytaxtı Bakı şəhəri 2020-ci il Olimpiya Oyunlarının keçirilməsi üçün namizədliyini irəli sürüb və iddiaçı şəhər kimi qeydə alınıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin 20 illik yubileyinin ölkənin ictimai-mədəni həyatında əhəmiyyətini nəzərə alaraq və respublikamızda Olimpiya Hərəkatının daha da genişləndirilməsi məqsədi ilə bu yubiley ölkədə geniş qeyd olunacaq. Prezident Nazirlər Kabinetinə Milli Olimpiya Komitəsi ilə birlikdə yubiley tədbirləri planı hazırlayıb həyata keçirməyi və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməyi tapşırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR