Lənkəran və Masallıda çörəkbişirmə sexlərində reyd keçirilib

Lənkəran və Masallıda çörəkbişirmə sexlərində reyd keçirilib
# 16 oktyabr 2012 11:32 (UTC +04:00)
Lənkəran-Masallı. Ağəddin Babayev – APA. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Dövlət Nəzarəti İdarəsinin əməkdaşları Lənkəran və Masallı rayonlarında fəaliyyət göstərən çörəkbişirmə sexlərində reydlərə başlayıb. APA-nın Cənub bürosunun məlumatına görə, bu gün keçirilən reyd zamanı əksər sexlərin qeyri-qanuni fəaliyyət göstərməsi ilə yanaşı, bir sıra nöqsanlar da aşkar olunub.

Lənkəran şəhəri ərazisində fəaliyyət göstərən fiziki şəxs Hikmət Hüseynova məxsus çörəkbişirmə sexində aparılan reyd zamanı çörəyin normalara uyğun istehsal olunmaması müəyyənləşdirilib. Burada həmçinin əsas xammal hesab edilən unun uyğunluq sertifikatının qanunda nəzərdə tutulan tələblərə cavab vermədiyi də üzə çıxıb.
Masallı rayonunda Rauf Teymurova məxsus çörəkbişirmə sexinin işçiləri sexin qapılarını komitə əməkdaşlarının üzünə bağlayıblar. Sonradan içəriyə daxil olan komitə əməkdaşı sexin qeyri-qanuni fəaliyyət göstərdiyini, burada istehsal olunan məhsulların standartlara cavab vermədiyini bildirib.

Hər iki çörəkbişirmə sexinin fəaliyyəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Dövlət Nəzarəti İdarəsi tərəfindən dayandırılıb.

İdarədən APA-ya belə reydlərin mütəmadi keçirilməsinin nəzərdə tutulduğu bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR