Pekində Çin-Azərbaycan biznes forumu keçirilib

Pekində Çin-Azərbaycan biznes forumu keçirilib
# 14 iyun 2012 12:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyətinin Çinə səfəri çərçivəsində Pekində Çin-Azərbaycan biznes forumu keçirilib.

İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo), Çin və Avropa arasında Texniki və İqtisadi Əməkdaşlıq üzrə Assosiasiyanın (CEATEC) təşkilatçılığı ilə keçirilən biznes forumda Azərbaycan və Çin tərəfindən rəsmi şəxslərlə yanaşı, bank, sığorta, sənaye, tikinti, şərabçılıq, arıçılıq, bağçılıq və s. sahələrdə fəaliyyət göstərən 100-dən çox iş adamı iştirak edib.

Tədbirdə çıxış edən Ş.Mustafayev Azərbaycan və Çin arasında siyasi və iqtisadi sahədə əməkdaşlığın uğurla inkişaf etdiyini, rəsmi və işgüzar səfərlərin, imzalanmış sənədlərin, iki ölkə arasında yaradılmış möhkəm qanunvericilik bazasının, hökumətlərarası komissiyanın səmərəli fəaliyyətinin əməkdaşlığın inkişafında mühüm rol oynadığını vurğulayıb.

İkitərəfli əməkdaşlığın inkişafında ticarət əlaqələrinin əhəmiyyətini qeyd edən nazir bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan və Çin arasında ticarət dövriyyəsinin 60% artdığını qeyd edib və bildirib ki, ticarət dövriyyəsinin daha da artırılması üçün hər iki ölkə böyük potensiala malikdir: «Bu gün Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində çinli iş adamları uğurla fəaliyyət göstərirlər. Belə ki, 2004-2011-ci illər ərzində Çin kapitalına əsaslanan 40 şirkət qeydiyyatdan keçib, 1995-2011-ci illər ərzində isə Çin şirkətləri tərəfindən Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna 102,5 mln. ABŞ dolları, neft-qaz sektoruna isə 598 mln. dollar investisiya yatırılıb. Çin şirkətlərinin iştirakı ilə dövlət sifarişi əsasında həyata keçirilən layihələrin ümumi dəyəri 417 mln. avro təşkil edir. Çində Azərbaycan kapitallı 16 şirkət qeydiyyatdan keçib ki, onlar tərəfindən bu ölkəyə təqribən 5 mln. dollar həcmində investisiya yatırılıb».

Ş.Mustafayev həmçinin çinli iş adamlarını Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində, eləcə də sənaye parklarının yaradılması layihələrində fəal iştiraka dəvət edib.

Ş.Mustafayev biznes forum çərçivəsində müzakirə edilən məsələlərin və aparılan ikitərəfli danışıqların iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin daha da inkişafına öz töhfəsini verəcəyinə, iş adamları arasında işgüzar əlaqələrin genişlənməsinə şərait yaradacağına əminliyini vurğulayıb.

Öz növbəsində Çinin kommersiya nazirinin müavini, Azərbaycan-Çin hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq komissiyasının həmsədri Conq Şan biznes forumun iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında və əməkdaşlığın genişləndirilməsində əhəmiyyətini qeyd edib.

Tədbir çərçivəsində Azpromo-nun nümayəndəsi Vüsal Abbasov Azərbaycanın biznes və investisiya imkanları, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Rövşən Nəcəf isə təmsil etdiyi qurumun həyata keçirdiyi layihələr barədə məlumat veriblər.

Biznes forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər keçirilib, ilkin razılaşmalar əldə edilib.

Qeyd edək ki, iyunun 15-də Quançjouda da Çin-Azərbaycan biznes forumu keçiriləcək. Ümumiyyətlə, Azərbaycan nümayəndə heyətinin Çinə səfəri iyunun 16-dək davam edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR