İranın xarici işlər naziri Azərbaycanda səfərdədir

İranın xarici işlər naziri Azərbaycanda səfərdədir
# 15 oktyabr 2012 11:09 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın xarici işlər naziri Əli Əkbər Salehi Azərbaycanda səfərdədir.

APA-nın İRİB-ə istinadən məlumatına görə, səfərdə məqsəd Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Nazirlər Şurasının toplantısında iştirak etməkdir.

Səfər çərçivəsində Ə.Salehi Azərbaycan və digər ölkələrin rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. İran xarici siyasət idarəsinin rəhbəri Heydər Əliyev adına Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında bildirib ki, İƏT-in və təşkilatın regional mövqeyi daha da gücləndirilməlidir. Onun sözlərinə görə, İƏT-ə üzv ölkələrin nümayəndələri son iki gün ərzində keçirdikləri iclaslarda yaxşı nəticələr əldə ediblər: “Onların verdikləri qərarlar təşkilata üzv ölkələrin xarici işlər nazirlərinin yığıncağında təsdiqləndikdən sonra İƏT-ə üzv ölkələrin dövlət başçılarının zirvə görüşündə qəbul olunacaq Bakı Bəyannaməsində öz əksini tapacaq”.

Azərbaycana belə bir iclasa ev sahibliyi etdiyi üçün təşəkkür edən Ə.Salehi İƏT-in əvvəlki qərarlarının həyata keçirilməsinin sürətləndirilməsinin və üzv ölkələr arasında əməkdaşlığın artırılmasının da vacib olduğunu vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR