Azərbaycanda tikinti sektorundan vergi yığımları 28% artıb

Azərbaycanda tikinti sektorundan vergi yığımları 28% artıb
# 17 aprel 2012 07:53 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Vergilər Nazirliyinin xətti ilə 2012-ci ilin I rübündə dövlət büdcəsinə neft-qaz sektoru üzrə 598,7 mln. manat, qeyri-neft sektoru üzrə isə 791,7 mln. manat vəsait daxil olub. «APA-Economics»in məlumatına görə, bunu vergilər naziri Fazil Məmmədov bildirib.

Onun sözlərinə görə, qeyri-neft sektoru üzrə daxilolmalar 2011-ci ilin müvafiq dövrünə nisbətən 16,4% artıb. O cümlədən, sənayedən daxilolmalar 28,1%, tikintidə 27,5%, xidmət sahəsində 19,1%, pərakəndə ticarətdə isə 11,2% artıb.

Regionların inkişafı ilə bağlı qəbul edilən dövlət proqramlarının icrası nəticəsində 2012-ci ilin I rübündə ötən ilin müvafiq dövrünə nisbətən regionlar üzrə vergi daxilolmaları 13,3% artaraq 110 mln. manata çatıb. Nəticədə, ümumi vergi daxilolmalarında regionların payı 8%-ə, qeyri-neft sektoru üzrə isə 14%-ə qalxıb. Qeyd edək ki, Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2009-2013-cü illərdə) icrasına başlanılana qədər vergi daxilolmalarının 5,5%-i, birinci proqramdan əvvəl isə 3,2%-i regionların payına düşüb.

F.Məmmədov bildirib ki, bu ilin I rübündə qeydiyyata alınmış obyektlərin sayı 2011-ci ilin ilk üç ayına nisbətən 2,7 dəfə, sahibkarlıq subyektlərinin sayı 30,6%, o cümlədən xarici investisiyalı sahibkarlıq subyektlərinin sayı 4,8% artıb. Nazirin sözlərinə görə, qeydiyyata alınan sahibkarlıq subyektlərinin yarıdan çoxu və ya 57,5%-i regionların payına düşür. Ötən ildən fiziki şəxslərin, bu ilin əvvəlindən isə hüquqi şəxslərin internet vasitəsilə elektron qeydiyyatına başlandığını bildirən nazir qeyd edib ki, indiyədək 11 mindən artıq sahibkar elektron qaydada qeydiyyata alınıb, bu isə ümumi qeydiyyatın 60%-ni təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR