Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Dünya İqtisadi Forumunun Asiya Regional Sammitində iştirak edib

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Dünya İqtisadi Forumunun Asiya Regional Sammitində iştirak edib
# 14 sentyabr 2012 10:08 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Çinin Tiancin şəhərində keçirilən Dünya İqtisadi Forumunun Asiya Regional Sammitində iştirak edib.

Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, yeni texnologiyaların, elmi-texniki nailiyyətlərin iqtisadiyyata tətbiqi, innovativ sahibkarlıq, İKT-nin inkişafı, qlobal informasiya təhlükəsizliyi məsələsi, innovativ texnologiyaların qlobal iqtisadi inkişafa təsiri və bu sahələrdə hökumətin rolu kimi mövzuları əhatə edən sammit çərçivəsində keçirilən sessiya və plenar iclaslarda Ə.Abbasov çıxış edib.

“Dünyanın hiperbirləşməsi” adlı sessiyada nazir Azərbaycanın İKT sahəsində əldə etdiyi uğurlardan danışıb, regional ölkələrin bir-biri ilə virtual alətlər vasitəsilə birləşməsi, beləliklə, Qərblə Şərq arasında mövcud olan rəqəmli uçurumun aradan qaldırılmasında Azərbaycanın rolunu qeyd edib, o cümlədən ölkənin BMT tərəfindən koordinator təyin edildiyi Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM), Yaxın Şərq Sürətli İnformasiya Dəhlizi (EPEG) kimi beynəlxalq layihələrin dəstəklənməsi və reallaşdırılmasında prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan işlərdən, bu layihələrin qlobal iqtisadiyyata verəcəyi töhfələrdən danışıb.

Sammit iştirakçılarına Azərbaycanda İKT sahəsində görülən işlər, region əhəmiyyətli digər layihələr haqqında da məlumat verən nazir Ə.Abbasov BMT və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə bu ilin noyabrında Bakıda keçiriləcək VII İnternet İdarəçiliyi Forumu, “Bakutel” sərgi-konfransı barədə onları geniş məlumatlandırıb.

Xüsusi əhəmiyyəti ilə seçilən “İKT üzrə dövlətlər” panelində çıxış edən Ə.Abbasov dövlət-sahibkarlıq, dövlət-vətəndaş, vətəndaş-sahibkar münasibətlərində “Elektron hökumət”, ölkədə bu istiqamətdə atılan addımlar, Azərbaycan təcrübəsi və s. mövzularla bağlı iştirakçılara geniş məlumat verib.

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən və beynəlxalq layihələr olan Trans-Avrasiya Super İnformasiya Magistralı, Yaxın Şərq Sürətli İnformasiya Dəhlizi layihəsi panel iştirakçılarının diqqətini cəlb edib. Onlar gələcəkdə üzv ölkələrin, o cümlədən maraqlı tərəflərin bu layihələrin reallaşmasında səylərini artıracağını da nəzərə çatdırıblar. Sammit iştirakçıları Azərbaycanın neft ölkəsi olmasına baxmayaraq, qeyri-neft sektorunun inkişaf etdirilməsini də müsbət qarşılayıblar.

Sammit çərçivəsində Ə.Abbasov Estoniyanın iqtisadiyyat və rabitə naziri Yohan Parts, ABŞ Milli Təhlükəsizlik Departamentinin müavini Tara O’tool, Nigeriyanın rabitə naziri Omobola Conson, “Microsoft” şirkətinin vitse-prezidenti Stiven Kroun, Çinin peyk sənayesi üzrə aparıcı şirkəti “China Great World Industry” korporasiyasının prezidenti Yin Liminq, “Kasperskiy” şirkətinin prezidenti Yevgeni Kasperskiy, Ümumdünya İnternet Cəmiyyətinin prezidenti Lin Amur, BMT-nin İnkişaf Proqramının rəhbərinin müavini Rebeka Qrinspan, Dünya İqtisadi Forumunun telekommunikasiya və informasiya-kommunikasiya texnologiyaları sənaye departamentinin rəhbəri Alan Markusla ikitərəfli görüşlər keçirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR