Ombudsman Bakıda yekun ictimai dinləmə keçirib

Ombudsman Bakıda yekun ictimai dinləmə keçirib
# 01 iyun 2012 16:00 (UTC +04:00)
Bakı-APA. nsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova ölkə prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın (MFP) təbliği və tətbiqinin müzakirəsi ilə bağlı Gəncə, Şəki, Bərdə, Cəlilabad və Qubada ətraf rayonlar cəlb olunmaqla silsilə regional ictimai dinləmələr keçirib. Bakıda təşkil olunmuş yekun ictimai dinləmədə Milli Məclisin deputatları Musa Qasımlı və Fazil Mustafa, Bakının 11 rayonunun, habelə Sumqayıt şəhəri və Abşeron rayonunun icra hakimiyyətlərinin, məhkəmə, daxili işlər orqanları və prokurorluğun rəhbər işçiləri, bələdiyyələrin, dairə seçki komissiyalarının, qeyri-hökumət təşkilatları, KİV-lərin və icmaların nümayəndələri iştirak ediblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ombudsman hazırda onun təşəbbüsü ilə ölkənin respublikada 18 iyun -- Milli İnsan Hüquqları günü ilə əlaqədar İnsan hüquqları ayılığı çərçivəsində silsilə tədbirlərin davam etdirildiyini və bu ictimai dinləmənin adı çəkilən aylığın mühüm tədbirlərindən olduğunu söyləyib.

Azərbaycanın insan hüquqları sahəsində də islahatlar məkanına çevrildiyi, humanizm siyasətinin davam etdirilərək qanunların və cəzaların liberallaşdırıldığı, 9 amnistiya aktının qəbul olunduğu və 51 əfv fərmanının imzalandığı bildirilib.

Müvəkkil insan hüquqları sahəsində vəzifələrin birgə səylərlə uğurla həyata keçirildiyini vurğulayıb. Millət vəkilləri M. Qasımlı və F. Mustafa silsilə ictimai dinləmələrin təşkilinə görə E. Süleymanovaya minnətdarlıq edib, Müvəkkilin çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirib, onun insan hüquqları sahəsində parlamentlə səmərəli əməkdaşlıq etdiyini, qanunvericiliyin daha da təkmilləşdirilməsi ilə bağlı səmərəli təkliflər verdiyini qeyd ediblər.

Bakı şəhəri Səbail, Nizami, Xəzər, Qaradağ, Yasamal, Binəqədi, Suraxanı rayonları icra hakimiyyətləri başçılarının müavinləri, Xətai rayon icra hakimiyyətinin şöbə müdiri, Nəsimi rayon hakimi, Sumqayıt şəhər və Nərimanov rayon bələdiyyələrinin sədrləri, 26 saylı Sabunçu və 45 saylı Abşeron seçki dairələrinin sədrləri, bələdiyyə üzvləri, Əlil Təşkilatları İttifaqının sədri və digər iştirakçılar çıxış edərək, regionların sosial-iqtisadi inkişaf Proqramının uğurla həyata keçirildiyini, paytaxtın və bütün rayonların abadlaşdırıldığını və daha da müasirləşdiyini önə çəkiblər.

İnteraktiv müzakirələr nəticəsində uğurlarla yanaşı, bəzi çatışmazlıqlar da səsləndirilmişdir. Belə ki, övladlığa verilmiş uşaqların sosial vəziyyəti, icra hakimiyyətlərinin, yetkinlik yaşına çatmayan uşaqlarla iş üzrə komissiyaların, habelə Himayəçilik şurasının əsasnamələrinin və fəaliyyətinin müasir şəraitə, qanunvericiliyə uyğun təkmilləşdirilməsi, analıq məzuniyyəti, seçki siyahılarının təkmilləşdirilməsi, miqrasiya məsələləri, bəzi bələdiyyələrin işinin lazımi səviyyədə qurulmaması, boşanmaların sayının artması, alimentlərin məbləğinə və təmin olunması qaydalarına yenidən baxılması, boşanmalar zamanı uşaqların qisas alətinə çevrilməsi, ipoteka yolu ilə mənzillərin verilməsi qaydaları, sakinlərin yaşayış yerlərində qeydiyyata alınması, telekanallarda zorakılığı və qəddarlığı təbliğ edən verilişlərin, filmlərin nümayiş etdirilməsi, uşaq əməyinin istismarı, ünvanlı sosial yardımla bağlı müvafiq təlimatların təkmilləşdirilməsi, qeyri-qanuni nikahdan doğulmuş uşaqlara doğum şəhadətnamələrinin verilməsi, insanların öz hüquqlarını kifayət qədər bilməməsi, vətəndaşlar tərəfindən öz evlərinin təbii fəlakətlərdən və qəza hallarından sığortalanmaması, yerlərdə əlillər üçün infrastrukturun yaradılmaması və digər məsələlər nəzərə çatdırılıb. Ombudsman bu problemləri diqqətdə saxlayacağını bildirib.

Yekunda qeyd olunub ki, MFP-nin ilk monitorinqi uğurlu olub və müntəzəm olaraq davam etdiriləcək, nəticələri yekunlaşdırılaraq, ölkə Prezidentinə və müvafiq səlahiyyətli qurumlara təqdim olunacaq. Tədbirin sonunda iştirakçılara MFP-nin nüsxələri, Ombudsman təsisatı tərəfindən hazırlanmış digər maarifləndirici vəsaitlər paylanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR