Macarıstan “Nabucco” layihəsini tərk edə bilər

Macarıstan “Nabucco” layihəsini tərk edə bilər
# 24 aprel 2012 09:35 (UTC +04:00)
APA-Economics”in “Bloomberg”ə istinadən xəbərinə görə, bu barədə Macarıstanın baş naziri Viktor Orban bildirib.

“Mən detallar üzrə ekspert deyiləm, amma görürəm ki, hətta Macarıstanın MOL şirkəti də müəyyən çətinliklərə görə layihəni tərk edir” - deyə baş nazir qeyd edib.

MOL şirkəti isə bəyan edib ki, “Nabucco” layihəsi ətrafında aradan qaldırılması mümkün olmayan bir çox qeyri-müəyyənliklər var. Bununla belə, şirkət layihədən çıxacağı barədə xəbərləri nə təsdiq, nə də təkzib edib. “Nabucco” konsorsiumunun sözçüsü Kristian Dolezal da Macarıstan şirkətinin layihəni tərk etməsi barədə hər hansı məlumata malik olmadıqlarını vurğulayıb.

Qeyd edək ki, “Nabucco” qaz kəməri Xəzər regionundan təbii qazın Rusiyadan yan keçməklə Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriya vasitəsilə Mərkəzi Avropaya ixracı üçün nəzərdə tutulub. Bu məqsədlə yaradılan “Nabucco Gas Pipeline İnternational GmbH.” konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), “Transgaz” (Rumıniya), “Bulgargaz” (Bolqarıstan), “BOTAŞ” (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub.

Tikintisinə 2013-cü ildə başlanması planlaşdırılan “Nabucco” qaz kəməri ilə Azərbaycan qazının nəqli 2017-ci ildən gözlənilir. Nəqletmə gücü ildə 31 mlrd. kubmetr olan kəmərlə Azərbaycanla yanaşı, Türkmənistan və İraq qazının da daşınması nəzərdə tutulur. Layihənin dəyərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək.

İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 900 km olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR