Nazirlik: Cəza çəkməkdən azad edilmiş 1800-ə yaxın şəxs birdəfəlik müavinətlə təmin edilib

Nazirlik: Cəza çəkməkdən azad edilmiş 1800-ə yaxın şəxs birdəfəlik müavinətlə təmin edilib
# 27 aprel 2016 12:47 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müvafiq qanunvericiliyə uyğun olaraq penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən, tibbi və sosial yardıma ehtiyacı olan şəxsləri birdəfəlik sosial müavinətlə təmin edir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, cari ilin ilk rübü ərzində nazirlik tərəfindən birdəfəlik sosial müavinətlə təmin edilən belə şəxslərin sayı 1 758 nəfər olub. Onların hər birinə minimum əmək haqqının 4 misli qədər, yəni 420 manat məbləğində birdəfəlik pul müavinəti ödənilib.

Məşğulluq haqqında qanunvericilikdə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar kateqoriyalarına aid ediliblər və müəssisələrdə kvota üzrə ayrılmış iş yerlərində onların məşğulluğunun təmin olunması diqqət mərkəzində saxlanılır.

Bununla yanaşı, cəzaçəkmə müəssisələrində cəza çəkməkdən azad ediləcək şəxslərin gələcəkdə əmək bazarına çıxış imkanlarına malik olmaları üçün müvafiq işlər görülür. Bu məqsədlə keçən il və cari ilin ötən dövründə 184 nəfər belə vətəndaş üçün əmək bazarında tələb olunan peşələr üzrə peşə hazırlığı kursları təşkil edilib.

Hazırda nazirliyinin sifarişi ilə Qobustan rayonunda penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi də inşa edilir. Mərkəz qeyd olunan şəxslərin sosial adaptasiya tədbirlərinə cəlb olunması, müvafiq hallarda onların hüquqlarının, qanuni mənafelərinin qorunması, onlara yardım göstərilməsi və s. istiqamətlərdə fəaliyyət göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR