Azərbaycanda Banklararası Kart Mərkəzi istismara verilib

Azərbaycanda Banklararası Kart Mərkəzi istismara verilib
# 04 aprel 2016 10:16 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə nağdsız hesablaşmaların inkişafı, ödəniş kartları infrastrukturunun daha effektiv fəaliyyət göstərməsi istiqamətində fəaliyyətini davam etdirir. Bu istiqamətdə həyata keçirilən növbəti tədbir ölkədə emissiya olunan ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə məlumatların emalı prosesinin tam şəkildə ölkə daxilində həyata keçirilməsini təmin edən Banklararası Kart Mərkəzinin (BKM) istismara verilməsidir.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, beynəlxalq təcrübədə mövcud olan son nailiyyətlərin tətbiqi ilə yaradılan BKM cari ilin 1 aprel tarixindən etibarən tam istismara verilib.

BKM ölkədə prosessinq fəaliyyəti göstərən bütün təşkilatların infrastrukturları arasında interfeysi təmin edir və bununla da rezident banklar tərəfindən emissiya edilmiş ödəniş kartları ilə ölkə daxilində aparılan əməliyyatların emalı artıq bu infrastruktur vasitəsilə həyata keçirilir.

BKM-nin yaradılması ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə hesablaşmalarda effektivliyin daha da artırılması, xidmət haqlarının bazar tələblərinə uyğun olaraq çevik tənzimlənməsinin təşkili, habelə nağdsız hesablaşmaların səmərəliliyinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR