"TBC Kredit"in səhmdarı "PAŞA Bank" və ABB-nin törəmələrini sıxışdırır

"TBC Kredit"in səhmdarı "PAŞA Bank" və ABB-nin törəmələrini sıxışdırır
# 21 sentyabr 2016 11:43 (UTC +04:00)

Bakı - APA-Economics. Fransanın "Societe Generale" maliyyə qrupunun Gürcüstandakı aktivlərinin "TBC Bank" tərəfindən 300 mln. lariyə alınması ölkənin bank sektorundakı rəqabət mühitinə ciddi təsir edəcək.

"APA-Economics" xəbər verir ki, bunu "Financial" nəşrinə müsahibəsində "Fitch" beynəlxalq reytinq agentlinin analitiki Olqa İqnatyeva bildirib.

"Bu əqd bağlandıqdan sonra bazarda iki iri bank dominantlıq edəcək. Söhbət "Bank of Georgia" və "TBC Bank"dan gedir. Təkcə bu iki bankın aktivlərinin bazar payı 60%-dir. Bu isə yeni bazar iştirakçılarına müəyyən əngəllər yaradır, rəqabət mühitinə mənfi təsir edir. Bazarda güclü oyunçuların olması sektor üçün olduqca əhəmiyyətlidir. Lakin "Societe Generale" kimi nəhəng xarici maliyyə institutunun bazardan getməsi heç də yaxşı siqnal deyil", - deyə O. İqnatyeva bildirib.

Xatırladaq ki, bir müddət öncə "TBC Bank" "Societe Generale"nin "Bank Respublika"dakı 93,64%-lik səhmini 315 mln. lariyə aldığını bəyan edib.

Qeyd edək ki, "TBC Bank" Azərbaycanda fəaliyyət göstərən "TBC Kredit" bank olmayan kredit təşkilatının 75%-ə sahibdir.

Onu da əlavə edək ki, Gürcüstanda Azərbaycan kapitallı iki bank fəaliyyət göstərir. Bunlar "PAŞA Bank"ın törəməsi olan "PASHA Bank Georgia" və "Azərbaycan Beynəlxalq Bank"ının törəməsi olan "IBA Goergia"dır. Gürcüstan Milli Bankının qərarına əsasən "Qafqaz İnkişaf Bankı"nın törəməsi olan "CDB Georgia"nın lisenziyası bu yaxınlarda ləğv olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR