Silahlı basqınlar və sifarişli qətllər törətməkdə təqsirləndirilən şəxsin şikayəti təmin edilməyib

Silahlı basqınlar və sifarişli qətllər törətməkdə təqsirləndirilən şəxsin şikayəti təmin edilməyib
# 07 may 2016 08:17 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində Azərbaycanda silahlı basqınlar və sifarişli qətllər törətməkdə təqsirləndirilən Müşfiq Rəhim oğlu Cənnətovun apellyasiya şikayətinə baxılıb.

APA-nın məlumatına görə, məhkəmə onun şikayətini təmin etməyib.

M. Cənnətov cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasına dair ərizə ilə Xəzər rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə onun müraciətini təmin etməyib. Apellyasiya şikayəti həmin qərardan verilib.

Onu da qeyd edək ki, 2004-cü ildə hüquq-mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində 2001-2004-cü illər ərzində Azərbaycanda və Rusiya Federasiyasının ərazisində bir sıra ağır və xüsusilə ağır cinayətlər törədən 13 nəfər həbs olunub.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində müəyyən edilib ki, Pərviz Məmmədov, İmran və Müşfiq Cənnətov qardaşları , Vasif və Xəqani Namazov qardaşları, Rauf Qasımov, Ceyhun Qurbanov, Elnur Quliyev, Anar Kərimov, Zaur Məmmədov, Sadiq Əliyev, Anar Qarayev, Zamiq İbrahimov və digərləri cinayətkar dəstə yaradaraq odlu və soyuq silahlar tətbiq etməklə bir sıra qətllər və digər ağır cinayətlər törədib.

Təqsirləndirilən şəxslərdən P.Məmmədov, İ.Cənnətov və R.Qasımov, habelə cinayətkar dəstəyə cəlb edilən Gəncə şəhər sakini A.Həsənov 2001-ci il martın 21-də Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının dosenti, Xankişi Ələsgərovun evinə quldurcasına basqın edib, onu və ruhi xəstə olan oğlu Yaşarı çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirərək şəxsi əmlakını talayıb.

2002-ci il noyabrın 13-də P.Məmmədov, C.Qurbanov, İmran və Müşfiq Cənnətovlar Buzovna qəsəbəsindəki bağ evlərindən birinə də basqın edib və orada olan Azərbaycan Dövlət Neft Şirkətinin Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyinin Maddi-Texniki Təchizat İdarəsinin şöbə müdiri Vaqif Qədimovu və Qıztamam Qurbanovanı çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Cinayətin iştirakçıları V.Qədimovun evindən 41 min 500 ABŞ dolları və külli miqdarda qızıl-bəzək əşyalarını talayıb aparıb.

2005-ci ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərə hökm oxunub. M.Cənnətov 13 il azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR