Fransa-Azərbaycan Universiteti haqqında təqdimat keçirilib

Fransa-Azərbaycan Universiteti haqqında təqdimat keçirilib
# 26 may 2016 11:26 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Baş Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Bakı şəhərindəki orta məktəblərin 11-ci sinif şagirdləri ilə görüş keçirilib.

APA-nın xəbərinə görə, Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd ADNSU və UFAZ (Fransa-Azərbaycan Universiteti) haqqında geniş məlumat verməkdir: “Əsas məqsədimiz odur ki, gələcəkdə təhsilimizi qərb standartlarına uyğunlaşdıra bilək”.

Daha sonra çıxış edən Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez deyib ki, bu görüş iki baxımdan mühüm əhəmiyyət kəsb edir: “Birinci səbəb odur ki, Azərbaycan-Fransa Universiteti bu ilin sentyabrında fəaliyyətə başlayacaq. İkinci səbəb isə odur ki, şagirdlər təhsil ilinin sonunda ixtisas seçimi edəcəklər. Fürsətdən istifadə edərək bu layihənin reallaşmasında göstərdiyi səylərə görə ADNSU rektoru və Təhsil Nazirliyinə təşəkkür edirəm”.

Diplomat xatırladıb ki, bu layihənin əsası Azərbaycan prezidenti İlham Əliyev və Fransa prezidenti Fransua Olland tərəfindən 2015-ci ildə qoyulub: “Hər iki prezidentin planlarına görə, universitet 2016-cı ilin sentyabrında açılmalı və burda təhsil alan tələbələrə ikili diplomlar verilməlidir. Bu layihənin gerçəkləşməsi ilə ölkələrimiz arasındakı təhsil əlaqələri daha da inkişaf edəcək. Yəqin ki, fransız liseyi barədə məlumatlısınız. Bu lisey artıq 3 ildir ki, fəaliyyət göstərir. Lakin liseydə verilən təhsil orta və ibtidai təhsildir. Açılacaq universitet ali təhsilə istiqamətlənəcək. Universitetdə tələbələrə texniki sahədə - geofizika, neft-kimya mühəndisliyi və informatika sahələrində təhsil veriləcək. Bu layihənin reallaşmasında nüfuzlu universitetlər iştirak edir. Bunların arasında Strasburq və Renn universitetləri var. İlk növbədə, təhsil ingilis dilində veriləcək, daha sonra isə fransız dilində tədrisə başlanacaq. Bu isə o deməkdir ki, universitetin məzunları gələcəkdə bu dillərin işlək olduğu şirkətlərə iş tapa biləcəklər”.

Daha sonra ADSNU və UFAZ barədə təqdimatlar keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR