Marneulidə yeni məscidin açılışı olub

Marneulidə yeni məscidin açılışı olub
# 12 may 2016 14:52 (UTC +04:00)

Marneuli. Nizami Məmmədzadə - APA. Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda yeni məscidin açılışı olub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, açılışdan öncə Gürcüstanda səfərdə olan İraq və İran nümayəndə heyətlərinin üzvləri ilə Marneuli rayon icra başçısı Merab Topçişvili, Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və digərlər arasında görüş keçirilib.

İraqdan gələn din xadimi Ayətullah Seyyid Cavad Şəhristani M. Topçişviliyə Quran kitabı hədiyyə edib. Marneuli icra başçısı isə qonağa Şota Rustavelinin gürcü və Azərbaycan dillərində nəşr olunan “Pələng dərisi geymiş pəhləvan” əsərini hədiyyə edib.

Sonra Marneulidə Ayətullah Seyyid Cavad Şəhristaninin dəstəyi ilə inşa olunan yeni məscidin açılışı olub. Tədbirdə Gürcüstan, İraq və İranın din xadimləri, habelə İranın Gürcüstandakı səfiri Abbas Talebifar, Azərbaycanın Gürcüstandakı səfirliyinin rəsmisi Dursun Həsənov və Kvemo Kartli bölgəsində fəaliyyət göstərən din xadimləri iştirak ediblər. Qonaqlar məsciddə namaz qılıblar.

Tədbirin sonunda ehsan verilib.

Həmin gün məscidin yanında Ayətullah Seyyid Cavad Şəhristaninin dəstəyi ilə yeni tikilən və müasir avadanlıqlarla təchiz olunmuş klinikanın açılışı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR