İsrailli həkimlər Şəkidə pulsuz tibbi müayinə aparıb

İsrailli həkimlər Şəkidə pulsuz tibbi müayinə aparıb
# 17 sentyabr 2016 17:00 (UTC +04:00)

Şəki. Vüqar Heydərov-APA. İsrailli həkimlər Şəkidə müxtəlif xəstəliklərin erkən diaqnostikası məqsədilə pulsuz tibbi müayinə aparıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, pulsuz tibbi müayinə Heydər Əliyev fondunun təşəbbüsü ilə Şəki Rayon Mərkəzi Xəstəxanasında (RMX) İsrailin Hayfa şəhərindəki “Xorev” Tibb Mərkəzinin baş həkimi Roman Barakın başçılıq etdiyi və Torakal Cərrahiyə İnstitutunun yeddi nəfərlik həkim briqadası tərəfindən aparılıb.

Müayinədən öncə Azərbaycan və İsrail mütəxəssisləri qarşılıqlı təcrübə mübadiləsi aparıblar. İsrail həkimlərinin iştirakı ilə keçirilən elmi konfransda iki ölkənin alimləri onkoloji xəstəliklərin erkən və dəqiq diaqnostikası mövzusunda məruzə ilə çıxış edib, yeni texnologiyaların tədbiqi ilə bağlı təkliflər irəli sürüblər. Tərəflər tibb sahəsində əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edərək, gələcəkdə də bu cür görüşlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Daha sonra mütəxəssislər qadınlarda süd vəzi xəstəlikləri, ginekologiya, onkologiya, dermatologiya, endokrinologiya, nervopotologiya və terapevtik sahələr üzrə müayinələr keçirib. Müayinə zamanı 300-dən artıq xəstəyə baxış keçirilib və onlar müvafiq təyinat alıb.

Qeyd edək ki, buna qədər İsrailli həkimlər Heydər Əliyev fondunun təşəbbüsü ilə Bakı, Gəncə, Mingəçevir şəhərlərində və Yevlax rayonunda pulsuz müayinələr keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR