Bir sıra dövlət başçıları prezident İlham Əliyevə başsağlığı verib

Bir sıra dövlət başçıları prezident İlham Əliyevə başsağlığı verib
# 08 dekabr 2015 03:13 (UTC +04:00)

Bakı-APA. Xəzər dənizindəki “Günəşli” yatağında baş verən hadisə ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevin ünvanına başsağlığı məktubları daxil olmaqda davam edir.

APA-nın məlumatına görə, Özbəkistan prezidenti İslam Kərimov İlham Əliyevə "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş vermiş güclü yanğınla əlaqədar başsağlığı verib.

Məktubda deyilir: “Xəzər dənizindəki neft platformasında yanğın zamanı insanların həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığımı qəbul edin. Həlak olanların doğmalarının və yaxınlarının kədərinə şərik olduğumuzu bildirir, onlara səbir diləyirik”.

Tacikistan prezidenti Emoməli Rəhmonun məktubunda deyilir: “Günəşli” yatağındakı neft platformasında insan tələfatı ilə nəticələnmiş yanğın haqqında xəbər məni dərindən kədərləndirdi. Cənab Prezident, xahiş edirəm, həlak olanların doğmalarına və yaxınlarına Tacikistan Respublikasının xalqı və Hökuməti adından dərin hüznlə başsağlığı verdiyimizi, dərdlərinə şərik olduğumuzu bildirin”.

“Günəşli” yatağında baş verən hadisə ilə bağlı Azərbaycan prezidentinə həmçinin Qırğız Respublikasının prezidenti Almazbek Atambayev və Monteneqro prezidenti Filip Vuyanoviç başsağlığı verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR