Meksikanın Azərbaycandakı səfiri Mingəçevirə səfər edib

Meksikanın Azərbaycandakı səfiri Mingəçevirə səfər edib
# 12 may 2016 20:00 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov-APA. Mayın 12-də Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Mingəçevir şəhərinə səfər edib. APA-nın yerli bürosunun xəbərinə görə, səfir Xuan Rodriqo Labardini əvvəlcə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb. Görüş zamanı ikitərəfli münasibətlər, bir sıra sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. Səfir ölkələrimiz arasında əməkdaşlığın potensialı, eləcə də mədəniyyət, mətbəx, ümumiyyətlə qarşılıqlı tanıma və yaxınlaşmaya xidmət edən sahələr arasındakı oxşarlıqların olduğunu bildirib.

Xuan Rodriqo Labardini səfər çərçivəsində Mingəçevir Tarix muzeyində olub. Daha sonra Mingəçevir Dövlət Universitetində olan səfir rektor Akif Hacıyevlə görüşüb. Görüş zamanı Meksikanın turizm sahəsindəki geniş imkanlarından danışan səfir bildirib ki, biz sizə çox şey öyrədə, göstərə bilərik. Əsas məqsədimiz oxşar və fərqli cəhətlərimizi axtarıb onların üstündə işləməkdir. Meksikanın 45 ölkə ilə iqtisadi əlaqələri var. Səfir Meksika ali məktəbləri ilə Mingəçevir Dövlət Universitetinin əlaqələrin qurulması, bu universitetdə Meksika dövlətinin tarixi, mədəniyyəti barədə geniş əməkdaşlıq yaratmağın mümkün olduğunu söyləyib. Görüşün sonunda tərəflər əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və möhkəmlənməsinə dair istəklərini bildiriblər.

Şəhərlə tanış olan səfir Xuan Rodriqo Labardini KİV nümayəndələrinə müsahibəsində Mingəçevirə heyran olduğunu bildirib: “Mingəçevirdə iki saat ərzində olmağıma baxmayaraq çox böyük, gözəl və inkişaf etmiş bir şəhər gördüm. Şəhərdə yaradılan gözəllik məni heyran etdi. Çox gözəl şəhəriniz var. İndiki Mingəçevirin görünüşü onun inkişaf etmiş gələcəyini göstərir. Mən belə başa düşürəm ki, Azərbaycanın 60 faiz ərazisinə elektrik enerjisi verən şəhər bu inkişafı ilə hər şeyi deyir”. Səfir Xuan Rodriqo Labardini deyib ki, Meksika Azərbaycanla çox sahələrdə əməkdaşlıq edə bilər, ümumi olaraq Mingəçevirlə daha çox əlaqə yarada bilər. “Hətta mən Azərbaycana gələndə Meksika ilə Azərbaycan arasında çox oxşar bir şeylər tapdım. Azərbaycanda ilk gördüyüm oxşar şey tərxun oldu. Siz ondan limonad içkisi hazırlayırsız, biz isə onun yarpaqlarından ədviyyat kimi istifadə edirik”. Səfir onu da bildirib ki, Azərbaycanla Meksika arasındakı ticarət əlaqələri o qədər də böyük olmasa da, bunu genişləndirməyə və inkişaf etdirməyə hər iki ölkənin böyük imkanları var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR