Abdulatipov: "Dağıstanda biznes qurmaq istəyən sahibkarlara müəyyən güzəştlər verilə bilər"

Abdulatipov: "Dağıstanda biznes qurmaq istəyən sahibkarlara müəyyən güzəştlər verilə bilər"
# 12 may 2016 15:09 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan və Dağıstan arasında ticarət dövriyyəsinin artırılması üçün kifayət qədər potensial var.

"APA-Economics" xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Dağıstan işgüzar forumunda deyib.

Nazir bildirib ki, iki ölkə arasında illik ticarət dövriyyəsinin 150-160 milyon dollar səviyyəsində olması yetərli deyil: "2015-ci ildə digər illərlə müqayisədə ticarət dövriyyəsində müsbət dinamika müşahidə olunub. Ticarət dövriyyəsinin artırılması üçün istər Azərbaycan, istərsə də Dağıstanın kifayət qədər imkanları var".

Ş. Mustafayev əlavə edib ki, Azərbaycan şirkətləri Dağıstanda fəal şəkildə fəaliyyət göstərir.

"Fürsətdən istifadə edərək Dağıstan Respublikası rəhbərliyinə Dərbənd dəmiryolu stansiyasında Azərbaycanın kənd təsərrüfatı məhsullarının daşınmasında yaranan problemə çevik reaksiya verdiyinə görə, təşəkkür edirəm", - deyə Ş. Mustafayev qeyd edib.

Öz növbəsində Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipov qeyd edib ki, Azərbaycanla iqtisadi əlaqələrin genişləndirilməsində maraqlıdır: "Dağıstan iqtisadiyyatına investisiyaların yatırılması, o cümlədən birgə müəssisələrin yaradılması üçün böyük imkanlar var. Aqrar-sənaye kompleksi və xidmət sahələrində əməkdaşlığın genişləndirilməsi üçün imkanlar böyükdür. Hər iki tərəfin sahibkarlarına xidmət edəcək logistik mərkəzlərin yaradılması mümkündür. Bu mərkəzlər vasitəsilə biz birlikdə Rusiyanın digər bazarlarına çıxa bilərik. Bundan başqa, Dağıstanda mehmanxanaların, istirahət mərkəzlərinin və restoranların yaradılmasına ehtiyac var".

R. Abdulatipov əlavə edib ki, Dağıstanda biznes qurmaq istəyən sahibkarlara müəyyən güzəştlər verilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR