Nazirlik: Şamaxıdakı magistral yolda sürüşmə sabitləşməyib

Nazirlik: Şamaxıdakı magistral yolda sürüşmə sabitləşməyib
# 29 fevral 2016 08:12 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun Ağsu aşırımının girişində, Şamaxının Şərədil kəndi ərazisindəki yol tökmə torpaqdır. Atmosfer yağıntılarının təsirindən torpaq doyub, sürüşmə baş verib və yol çöküb”.

Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. O bildirib ki, sürüşmə hələ tam sabitləşməyib.

Ə. Qaralov qeyd edib ki, hazırda yola ağır tonnajlı avtomobillər buraxılmır: “Aidiyyəti qurumlar tərəfindən ərazidə iş aparılır. Yenidən torpaq tökülüb, ərazidə bərkitmə işləri aparılmalıdır. Ümumiyyətlə, Muğanlı, Muğanlı-İsmayıllı avtomobil yolu, Şərədil kəndi sürüşməyə meylli ərazilərdir. Orada daima sürüşmə baş verir”.

Qeyd edək ki, Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun Ağsu aşırımına yaxın ərazisində, Şamaxının Şərədil kəndi ərazisindən keçən hissəsində torpaq sürüşməsi baş verib. Torpaq sürüşməsi zamanı yolun bir hərəkət zolağı tamamilə dağılaraq yararsız hala düşüb. Yolun digər hərəkət zolağında da böyük çatlar və çöküntü əmələ gəldiyi üçün nəqliyyat vasitələrinin gediş-gəlişi çətinləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR