Türk Şurası ilə SESRİC arasında əməkdaşlıq sazişi imzalanıb

Türk Şurası ilə SESRİC  arasında əməkdaşlıq sazişi imzalanıb
# 18 aprel 2016 15:32 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası (Türk Şurası) ilə İslam ölkələri Statistika, İqtisadiyyat, Sosial Araşdırma və Tədris Mərkəzi (SESRİC) arasında əməkdaşlıq protokolu imzalanıb.

APA-nın Türkiyə müxbiri xəbər verir ki, Türk Şuranın İstanbuldakı baş qərargahında keçirilən mərasimində çıxış edən baş katib Ramil Həsənov deyib ki, SESRİC ilə uzun illərdən gələn dostluq münasibəti var: "İslam Əməkdaşlıq Təşkilatının keçən həftə İstanbulda keçirilən Zirvə konfransının yekun bəyannaməsində Türk Şurasına maddə ayrılması bizi məmnun etdi. O maddəyə əsaslanaraq, bundan sonra proqram baxımından bizə yaxın olan təşkilatlarla daha sıx əməkdaşlıq edə biləcəyik. İqtisadiyyat və statistika olmadan hər hansı əməkdaşlıqdan söhbət gedə bilməz. Bu baxımdan SESRİC ilə əməkdaşlığımızın bizə çox şey qazandıracağına inanıram”.

İmzalanma mərasimində çıxış edən SESRİC başqanı Musa Qulaqlıqaya isə rəhbəri olduğu təşkilatın üç sahədə fəaliyyət göstərdiyini bildirib: "Bunlar İslam ölkələri üzrə statistika, iqtisadi və sosial sahələrdəki mövcud durumların analizi və təcrübələrin və texniki məlumatların bölüşülməsidir. İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkədən 4-ü ilə bağlı hazırladığımız hesabatları ayıraraq Türk Şurasına təqdim edəcəyik. Bölgəni yaxşı tanıyan şəxs kimi onu deyə bilərəm ki, Türk Şurasına üzvlük potensialı olan digər ölkələrin statistik və iqtisadi durumlarıyla bağlı hazırladığımız hesabatları da Şuraya təqdim etməyi nəzərdə tuturuq".

Qeyd edək ki, SESRİC 1978-ci ildə İslam Əməkdaşlıq Təşkilatına bağlı yaradılmış təşkilatdır.

Türk Şurasının qurulmasıyla bağlı qərar Türk dövlət başçılarının 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə toplantısında qəbul edilib, Şura 2010-cu ilin sentyabrında keçirilmiş Zirvə toplantısında rəsmən elan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR