İtaliyalı senator: “Azərbaycan terrorizmə və radikalizmə qarşı qətiyyətlə mübarizə aparır”

İtaliyalı senator: “Azərbaycan terrorizmə və radikalizmə qarşı qətiyyətlə mübarizə aparır”
# 26 may 2016 11:44 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev İtaliya Senatının Avropa İttifaqının siyasəti daimi komissiyasının sədri, senator Vanino Kittinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, İtaliya-Azərbaycan əlaqələrinin çoxşaxəli olduğunu və ölkələrimizin bir sıra sahələrdə uğurlu əməkdaşlıq etdiyini vurğulayan dövlətimizin başçısı bu əlaqələrin daha da inkişaf etdirilməsində parlamentlərarası əməkdaşlığın mühüm yer tutduğunu qeyd edib.

Azərbaycan ilə Avropa İttifaqı arasında da səmərəli əməkdaşlığın həyata keçirildiyini qeyd edən dövlət başçısı Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun və Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin Azərbaycana uğurlu səfərlərini və Federika Moqerini ilə Vyanada keçirdiyi görüşü məmnunluqla xatırlayıb. Azərbaycanın Avropa İttifaqına üzv olan 8 ölkə ilə artıq strateji tərəfdaşlıq haqqında sənədlərin imzalandığını və qəbul edildiyini bildirən prezident İlham Əliyev bu ölkələrdən birinin də İtaliya olduğunu vurğulayıb.

Bunu əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirən dövlət başçısı Avropa İttifaqının, İttifaqa üzv olan ölkələrin və Azərbaycanın bu əməkdaşlığa böyük əhəmiyyət verdiyini deyib. Senator Vanino Kittinin ölkəmizə səfərinin uğurlu keçəcəyinə əminliyini ifadə edən dövlət başçısı səfərin ikitərəfli və Avropa İttifaqı-Azərbaycan əlaqələrinin müzakirə edilməsi baxımından önəmli olacağını deyib.

Senator Vanino Kitti isə Azərbaycanın həm Avropa İttifaqı, həm də İtaliya üçün mühüm ölkələrdən biri olduğunu vurğulayıb: “Azərbaycanın əhəmiyyəti yalnız təbii sərvətləri ilə bağlı deyil. Azərbaycan müsəlman ölkəsidir və dünyəvi dövlətdir, bunun çox böyük əhəmiyyəti var”.

O həmçinin bildirib ki, Azərbaycan terrorizmə, ekstremizmə və radikalizmə qarşı qətiyyətlə mübarizə aparan bir dövlətdir. Vanino Kiti ikitərəfli əlaqələrimizin yaxşı nümunəsi kimi İtaliya ilə Azərbaycan arasında mövcud olan dostluq əlaqələrini xüsusi qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR