Azərbaycanda İİV-ə yoluxduğu yeni aşkarlanan insanların sayı açıqlanıb

Azərbaycanda İİV-ə yoluxduğu yeni aşkarlanan insanların sayı açıqlanıb
# 26 iyul 2016 15:31 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən, bu ilin 6 ayı ərzində Azərbaycanda İİV-ə yoluxduğu yeni aşkar olunan insanların sayı 283 nəfər təşkil edib ki, onlardan 276-sı (97,5%) Azərbaycan vətəndaşı, 7-si (2,5%) isə əcnəbilərdir.

APA-nın xəbərinə görə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının bu ilin 6 ayı ərzində ölkə üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizənin nəticələrinə dair məlumatında bildirilib ki, ümumilikdə Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 1 iyul 2016-cı il tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 5912 nəfər qeydiyyata götürülüb ki, onlardan 5714-ü (97%) Azərbaycan vətəndaşı, 190-ı (3%) isə əcnəbidir, İİV-ə yoluxmuş insanların 4406-sı (75%) kişi, 1506-sı (25%) qadındır.

İİV-ə yoluxması təsdiq olunmuş 5912 nəfərdən 2865-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi (İNİ) nəticəsində baş verib, onlardan 2122 (74,1%) nəfər dispanser qeydiyyatındadır. İyulun 1-dək ART-yə cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 3240 nəfər təşkil edib ki, onların da 1533 nəfəri İNİ səbəbilə olub. Cari ilin 6 ay ərzində isə ART-yə cəlb olunan 280 pasiyentdən 74 nəfərində İNİ aşkar edilib.

2016-cı ilin 6 ayı ərzində Daxili İşlər Nazirliyi tərəfindən Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinədən 11.715 nəfər keçib. Onlardan 478 nəfəri narkotik vasitələrin istifadəsinə görə müayinə olunub və 243 nəfər istifadəçi aşkar olunaraq müvafiq qeydiyyata götürülüb.

Cari ilin 6 ayı ərzində 1.321 nəfər stasionar müalicəyə qəbul olunub ki, onlardan 573 nəfəri “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F10), 748 nəfəri “Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları”(F11) diaqnozu ilə müalicəyə qəbul edilib. Eyni zamanda, metadonla əvəzedici müalicə proqramı üzrə fəaliyyət göstərən iki məntəqədə proqram çərçivəsində 180 xəstə müalicə alır. Onlardan 132 nəfəri Respublika Narkoloji Mərkəzdə, 48 nəfər isə QİÇS-lə Mübarizə Mərkəzindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR