Birja arifinə FED rəhbərinin bir işarəsi kifayətdir - TƏHLİL

Birja arifinə FED rəhbərinin bir işarəsi kifayətdir - <span style="color: red;">TƏHLİL
# 27 may 2016 13:26 (UTC +04:00)

Bu gün bütün dünyanın gözü Harvard Universitetinə yönələcək. Yox, universitetdə nə son zəng, nə də başqa təhsil tədbiri keçirilmir. Amma dünya birjalarına dərs deyəcək, bəzi hallarda isə dərs verə biləcək bir xanımın çıxışı gözlənilir. Söhbət ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Canet Yellendən gedir. Canet xanım bir açıqlaması ilə bəzi ölkələrin iqtisadiyyatını cənnətə, bəzilərinkini isə cəhənnəmə döndərmək əzmindədir.

FED rəhbərinin çıxışı Bakı vaxtı ilə 22:00-da baş tutacaq.

Bir məqamı qeyd edim ki, ABŞ-da Anım günü (Memorial day - ABŞ-da mayın sonu bazar ertəsi həlak olan hərbçilər yad olunur) yaxınlaşır. Buna görə, tənzimləyicilər ABŞ-ın dövlət istiqrazları ilə ticarətləri dayandırmağı tövsiyə edir. Bu gün öncəsi adətən ABŞ-da ticarət sessiyaları xüsusi aktivliyi ilə seçilmir.

İnandırıcı deyil ki, xanım Yellen pul-kredit siyasəti ilə bağlı kəskin açıqlamalar verəcək. Bu tip açıqlamalar bazarı ciddi çalxaya bilər. Cümə günü bazarda az likvidlik müşahidə olunur.

İnvestorlar isə FED rəhbərindən bir işarə gözləyir. Ötən həftə müxtəlif ştatların FED rəhbərləri iyunun 15-16-da baş tutacaq iclasda uçot dərəcəsinin artırılacağına işarə edib. Bu azmış kimi, onların sözlərinə görə, FED il ərzində uçot dərəcəsini bir neçə dəfə artıracaq. İstisna deyil ki, bu kimi açıqlamalar bazarın adaptasiyasına hesablanıb. FED-in sonuncu iclasının protokolu açıqlanandan sonra bazarda baş verənlər hamımızın yadındadır. Maraq üçün deyim ki, son sorğuya əsasən analitiklərin 56%-i inanır ki, FED iyunda baş tutacaq iclasda dolları bahalaşdıracaq. Son iclasın protokolunda belə bir ifadə var: "İyunda baş tutacaq iclasda siyasətin sərtləşdirilməsi birbaşa olaraq makroiqtisadi göstəricilərdən asılı olacaq".

Maraqlıdır ki, bu gün Bakı vaxtı ilə 16:30-da ABŞ-da I rüb üzrə yenilənmiş makroiqtisadi göstəricilər dərc olunacaq. Qərb analitiklərinin gözləntilərinə görə, yenilənmiş proqnozda artım ilk versiyadakı kimi 0,5% deyil, 0,9% olacaq. Ardınca, Bakı vaxtı ilə 18:00-da Miçiqan Universiteti istehlak optimizmi indeksini açıqlayacaq. Bu göstərici istehlakçıların II rübdə əsasən nəyə köklənəcəyini deməyə imkan verəcək. Bundan başqa, neftin bahalaşması fonunda inflyasiya ilə bağlı gözləntilərə də aydınlıq gətiriləcək.

Yeri gəlmişkən, ötən gün ABŞ-ın əmək bazarı ilə bağlı açıqlanan statistik göstəricilər dolların bahalaşmasına, neftin isə ucuzlaşmasına səbəb olub. ABŞ-ın Əmək Nazirliyinin açıqladığı rəqəmlərdə qeyd edilib ki, həftə ərzində işsizliyə görə müavinət almaq üçün müraciət edənlərin sayı 10 min nəfər azalaraq 286 min nəfər təşkil edib.

Daha bir diqqət çəkən maraqlı fakt odur ki, Yaponiyada keçirilən "G-7" liderlərinin görüşü bazara təsir edə biləcək nə iləsə yadda qalmadı. Görüşün yekun protokolunda yalnız o deyilir ki, Böyük Britaniyanın Avropa İttifaqından çıxması dünya iqtisadiyyatı üçün risklidir. Bu isə yeni xəbər deyil.

İlkin Əhmədov, APA Analitik Mərkəzi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR