Səfir Məmməd Əhmədzadə etimad məktubunu Ümumdünya Ərzaq Proqramının direktoruna təqdim edib

Səfir Məmməd Əhmədzadə etimad məktubunu Ümumdünya Ərzaq Proqramının direktoruna təqdim edib
# 25 may 2016 10:23 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə eyni zamanda Azərbaycanın BMT-nin Roma şəhərindəki agentlikləri yanında daimi nümayəndəsi təyin olunması ilə bağlı etimad məktubunu qərargahı Roma şəhərində yerləşən BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) icraçı direktoru Ertarin Kazinə təqdim edib.

Səfirikdən APA-ya verilən məlumata görə, etimad məktubu təqdim edildikdən sonra M.Əhmədzadə ilə E.Kazin arasında görüş keçirilib. ÜƏP-in icraçı direktoru Azərbaycanın son 15 il ərzində əldə etdiyi nailiyyətlərdən, xüsusən insan inkişafı indeksi üzrə əldə etdiyi mövqedən məmnunluğunu bildirib. O, əvvəllər Azərbaycanın ÜƏP yardımlarından yararlandığını, lakin ölkənin iqtisadi və maliyyə imkanlarının artması ilə ÜƏP-in 2013-cü ildən Azərbaycanda öz yardım fəaliyyətini dayandırdığını və artıq ÜƏP-in Azərbaycana donor ölkəsi kimi baxdığını vurğulayıb.

M. Əhmədzadə müstəqilliyin ilk illərindən Azərbaycanla ÜƏP arasında qurulmuş əməkdaşlıqdan, Azərbaycan hökuməti ilə bu qurum arasında mövcud olmuş yüksək səviyyəli görüşlərdən danışıb, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Azərbaycan torpaqlarının işğalı nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkünlərin formalaşdığı anda ÜƏP-ın göstərdiyi humanitar yardımlarının əhəmiyyətini qeyd edib.

Görüş zamanı Azərbaycan və ÜƏP arasında əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR