Artur Rasizadə İranın rabitə və informasiya texnologiyaları nazirini qəbul edib

Artur Rasizadə İranın rabitə və informasiya texnologiyaları nazirini qəbul edib
# 21 aprel 2016 16:09 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün baş nazir Artur Rasizadə İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, A. Rasizadə M. Vaezini Azərbaycanın “Dostluq” ordeni ilə təltif olunması münasibətilə təbrik edib.

Baş nazir Azərbaycan və İran arasında son zamanlar iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlığın sürətlə inkişaf etdiyini, kənd təsərrüfatı, turizm, bank, əczaçılıq, nəqliyyat və digər sahələrdə əlaqələrimizin genişləndirilməsi üçün böyük potensial mövcud olduğunu bildirib.

Görüşdə qeyd edilib ki, Azərbaycan prezidentinin İrana sonuncu səfəri çərçivəsində imzalanmış hökumətlərarası sazişə və Azərbaycan-İran dövlət sərhədində dəmir yolu körpüsünün tikintisi haqqında müqaviləyə uyğun olaraq aprelin 20-də Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisinin təməlqoyma mərasimi xüsusi tarixi məna daşıyır. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi kimi həmin dəmir yolu körpüsünün inşası ölkələrimizin tranzit potensialının artımına, böyük həcmdə yükdaşımaların həyata keçirilməsinə imkan açacaqdır ki, bu da əlavə gəlirlərin əldə olunması və yeni iş yerlərinin yaradılması üçün böyük əhəmiyyət kəsb edir.

Görüşdə beynəlxalq əməkdaşlıq kontekstində terrorizm, radikalizm və regional münaqişələr mövzusuna toxunan tərəflər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də yalnız beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyini bir daha vurğulayıblar. Azərbaycanla İran arasında qarşılıqlı faydalı əməkdaşlığın gələcəkdə də yüksək səviyyədə davam etdiriləcəyinə əminlik ifadə olunan görüşdə digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR