Braziliyada Azərbaycan adını daşıyan məktəb açılıb

Braziliyada Azərbaycan adını daşıyan məktəb açılıb
# 17 mart 2016 01:53 (UTC +04:00)

Bakı-APA. Martın 15-də Braziliyanın Rio de Janeyro şəhərində Azərbaycan adını daşıyan yeni inşa edilmiş bələdiyyə məktəbinin rəsmi açılış mərasimi baş tutub.

Azərbaycanın Braziliyadakı səfirliyindən APA-ya verilən məlumata görə, Mərasimdə Rio de Janeyro şəhərinin meri Eduardo Paes, Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov, Rio de Janeyro Şəhər Şurasının üzvü, Azərbaycan Respublikasının adının məktəbə verilməsi qanununun müəllifi Joao Rikardo Ribas və Braziliya Milli Konqresinin Deputatlar Palatasında Braziliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun vitse-prezidenti, deputat Rodriqo Maya nitq söyləyib.

Rio de Janeyro şəhərinin meri E.Paes öz çıxışı zamanı, Braziliyada ilk dəfə Azərbaycan adını daşıyan məktəbin açılmasını əlamətdar hadisə adlandıraraq, bu hadisədən şərəf hissi keçirdiyini və bunun Azərbaycan Respublikasına dərin hörmətin təzahürü olduğunu söyləyib. Mer bu məktəbin fəaliyyətinin iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcəyini vurğulayaraq, onun Azərbaycan ilə Rio de Janeyro arasında təhsil sahəsində davamlı əməkdaşlığın qurulmasında mühüm rol oynayacağını bildirib və burada təhsil alan şagirdlərin Azərbaycana bağlı olacaqlarını qeyd edib.

Sonra çıxış edən səfir E.Sultanov mer E.Paesə, qanun layihəsinin müəllifi J.Ribasa və deputat R.Mayaya dərin təşəkkürünü bildirərək, Rio de Janeyroda Azərbaycan adını daşıyan məktəbin açılmasından qürur hissi keçirdiyini söyləyib və bu hadisənin Azərbaycan-Braziliya uğurlu əlaqələrinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Səfir Azərbaycanda təhsil sahəsində həyata keçirilən dövlət siyasəti və əldə edilmiş nailiyyətlər barəsində məlumat verərək, son 10 ildə ölkədə 3000-ə yaxın orta məktəbin inşa edildiyini və əsaslı təmir edildiyini bildirib. O, təhsil sahəsində iki ölkə arasında əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayıb və səfirliyin məktəblə yaxından əməkdaşlıqda marağını ifadə edib. Bununla yanaşı səfir E.Sultanov 2015-ci ildən etibarən Bakı və Rio de Janeyro şəhərlərinin qardaşlaşdığını xatırlayaraq, adıçəkilən məktəbin açılmasının iki şəhər arasında əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib.

Bununla yanaşı o, bu ilin avqust-sentyabr aylarında Rio de Janeyroda keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunları ilə əlaqədar Rio de Janeyroda hazırlıq işlərinin uğurla həyata keçirilməsi münasibəti ilə E.Paesi təbrik edərək, Azərbaycan Milli Olimpiya komandasının bu yarışlarda ölkəmizi yüksək səviyyədə təmsil edəcəyini bildirib. Səfir ölkəmizin qədim tarixi və zəngin mədəniyyəti haqqında məlumat verərək, tədbir iştirakçılarını Azərbaycanla yaxından tanış olmağa dəvət edib.

Azərbaycan adını daşıyan məktəbin qanun layihəsinin müəllifi, Rio de Janeyro Şəhər Şurasının üzvü J.Ribas öz nitqində, bu əlamətdar hadisənin əhəmiyyətini qeyd edərək, onun Azərbaycan ilə Braziliya eyni zamanda, qardaşlaşmış şəhərlər olan Bakı və Rio de Janeyro arasında əlaqələrinin inkişafına töhfə verəcəyini diqqətə çatdırıb. O, 2013-cü ildə Azərbaycanda keçirilmiş 3-cü Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində ölkəmizə səfərini xatırlayaraq, Azərbaycanın müasir inkişafı və zəngin mədəniyyətindən danışıb.

Daha sonra çıxış edən Braziliya Milli Konqresinin Deputatlar Palatasında Braziliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun vitse-prezidenti, deputat R.Maya Rio de Janeyro şəhərində Azərbaycan adını daşıyan məktəbin fəaliyyətə başlamasının əhəmiyyətindən danışaraq, bu hadisənin Azərbaycanın Braziliyada daha geniş şəkildə tanıdılmasına xidmət edəcəyini vurğulayıb. O həmçinin, Azərbaycana iki dəfə səfər etdiyini bildirərək, ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti və dünya neft sənayesinin inkişafında rolu haqqında məlumat verib.

Tədbir zamanı səfir E.Sultanov məktəbə Azərbaycan xalçası və ölkəmiz haqqında portuqal və ingilis dillərində materiallar habelə, şagirdlərə Azərbaycan təsvirli köynəklər hədiyyə edib. Mərasimin sonunda Novruz süfrəsi açılıb, qonaqlara şəkərbura, paxlava kimi Azərbaycan şirniyyatları təqdim olunub və ölkəmizin Novruz adətləri barədə məlumat verilib.

Qeyd olunmalıdır ki, yeni inşa edilmiş bələdiyyə məktəbinə Azərbaycan Respublikasının adının verilməsi ideyasının müəllifi olan, Rio de Janeyro Şəhər Şurasının üzvü Joao Rikardo Ribasın bu barədə 5.900 saylı qanun layihəsi Rio de Janeyro Şəhər Şurası tərəfindən qəbul edilib və 15 iyul 2015-ci il tarixində qanun şəhər meri E.Paes tərəfindən imzalanıb. Bununla, son 5 ildə ilk dəfə olaraq Rio de Janeyro şəhərində xarici ölkənin adı orta məktəbə verilib. Sözügedən məktəb Rio de Janeyro şəhər bələdiyyəsi tərəfindən həyata keçirilən “Gələcəyin məktəbləri” proqramı çərçivəsində inşa edilib. Məktəbdə 6-11 yaş arası, 720 şagird təhsil alır. Məktəbin girişində Azərbaycan bayrağı ucaldılıb və binada şagirdlər tərəfindən hazırlanmış Azərbaycan bayrağının təsvirlərindən ibarət lövhə yerləşdirilib.

Adıçəkilən məktəb Rio de Janeyro şəhərinin Tenente Coronel Muniz Aragão prospekti 1151 ünvanında yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR